14:10
(077) 610-22-33

İcra başçısı 100 yaşlı müharibə iştirakçısını 3 dəfə aldadıb – ŞİKAYƏT

  • >
187 1 Aprel 2013 11:17 | Cəmiyyət

O, Prezidentə müraciət edəcək



Redaksiyamıza Hacıqabul rayonunun Muğan qəsəbəsinin sakini Ələmxan Məmmədov müraciət edərək 100 yaşlı atası Əliyoldaş Məmmədovun üzləşdiyi problemlərdən danışıb. Onun sözlərinə görə, 1913-cü il təvəllüdlü, ikinci dünya müharibəsi iştirakçısı, 2-ci qrup əlil Əliyoldaş Məmmədov yataq xəstəsidir: "Anam infarkt keçirib. Mənim ailəm, ata-anam, bacı və qardaşım eyni evdə yaşayırıq. İmkansızlıqdan qardaşımı evləndirə bilmirik. Atam yataq xəstəsidir, ayda 310 manat təqaüd alır ki, bu da müalicəsinə güclə çatır. 2009-cu ildə daşqınlar zamanı yaşadığımız evə ciddi ziyan dəyib. Dəfələrlə müraciət etməyimizə baxmayaraq ərizələrimizə baxılmayıb. Evin təmiri ancaq qohumların köməyi ilə mümkün olub".
Atasını dəfələrlə rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovla görüşmək istədiyini, ancaq başçının onları qəbul etmədiyini deyən şikayətçi 3 dəfə aldadıldıqlarını vurğulayıb: "Qoca atam bu yaşında dəfələrlə qəbula düşmək üçün müraciət edib. Ancaq başçı bizi 3 dəfə aldatdı, qəbul etmədi. Bizi birinci müavin Sahib müəllimin yanına göndərdi, o da bildirdi ki, bu məsələlər onların səlahiyyətinə aid deyil. Halbuki gəlib baxmışdılar. Evin pis vəziyyətdə düşdüyünü öz gözləri ilə görmüşdülər".
Sosial yaradım almaq üçün müraciətlərinin də cavabsız qaldığını bildirən Ə.Məmmədov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə reaksiya gözləyir: "Atamın bu il 100 yaşı tamam olacaq. Gələn ay qələbə gününü təmtəraqla qeyd edəcəyik. Amma müharibə iştirakçısı olan 100 yaşlı adamın problemləri ilə maraqlanan, onu dinləyən yoxdur. Belə vəziyyətdə atam çıxış yolunu Bakıya - Prezident Aparatına müraciət etməkdə görür. 100 yaşlı kişinin Hacıqabuldan Bakıya gəlməsi nə qədər çətin olsa da Prezidentə müraciət etməkdən başqa çıxış yolu görmürük".

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X