Bəbirin Lerikdə bədbəxt hadisə törətməsi faktı rəsmi qurumlar tərəfindən niyə gizlədilir? Bəbirin Lerikdə bədbəxt hadisə törətməsi faktı rəsmi qurumlar tərəfindən niyə gizlədilir?

Gənc qıza hücum edən bəbirin izi ilə - AXTARIŞ

Bəbirin Lerikdə bədbəxt hadisə törətməsi faktı rəsmi qurumlar tərəfindən niyə gizlədilir?


AzNews.az bir neçə gün öncə Lerikin Hamarmeşə kəndində bəbirin gənc qıza hücum etməsi ilə bağlı məlumat yaymışdı. Məlumatdan sonra bir neçə nazirliklərdən, eləcə də Lerik rayon icra hakimiyyəti belə bir hadisənin baş vermədiyini, ərazidə bəbirin görünmədiyi və insana hücum faktının qeydə alınmadığını bildiriblər. Ancaq AzNews.az-a daxil olan məlumata görə, ərazidə bəbirin hücumu həqiqətdir və yerli qurumlar bunu gizlətməklə hansısa məqsədlərə xidmət etmiş olurlar.

Qeyd edək ki, bəbir Azərbaycanda Talış dağlarının sıx meşələrində, Lənkəran, Astara və Lerik ərazisində, Zəngilan, Qubadlı rayonlarında, Qarabağ və Naxçıvan dağlarında, son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb.

Bəbirlərə Kiçik Qafqazın meşəli və qayalı ərazilərində, Naxçıvanın sərt qayalıqlarında, yarğanlarda, daş uçqunluqlarında rast gəlinir. Çox vaxt bəbirin yayılması onun qidalandığı heyvanlardan asılıdır. Talış dağlarında onların qidasını cüyürlər, çöldonuzları, tirəndazlar (oxlu kirpilər), porsuqlar, Kiçik Qafqazda bunlardan başqa dağ keçiləri, Naxçıvanda isə həm də dağ qoyunlari təşkil edir. Qış aylarında bəbirlər dağların güney yamaclarında qarsız yerlərdə olur, istirahət etmək və şikarını güdmək üçün dərələrin dibində, daşların altında uzanır.

Bəzi bəbirlər yaralandıqda və ya insanla qarşı-qarşıya gəldikdə həddən artıq aqressiv olurlar. Keçən əsrin 80-ci illərində Talış dağlarında və Naxçıvanda 4 dəfə bəbirin insana hücumu hadisəsi baş verib. Məlumatlara görə, bütün bu hallarda hücumun səbəbkarı insan özü olub. Ötən il oktyabrın 18-də ilk dəfə olaraq Azərbaycan ərazisində təbii şəraitdə bəbirin fotoşəkilini çəkmək mümkün olub.

Bəbir kadrda tam əks olunmasa da, Azərbaycanda bəbirin olması haqda fotosübutun olduqca böyük əhəmiyyəti var.
"Bu hadisə bir qədər öncə Talış dağlarında bu nadir heyvanın öldürülməsi fonunda xüsusilə sevindiricidir" deyə Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun yaydığı məlumatda bildirilib.

Zooloqlar bəbirin çox nadir hallarda insana hücum etdiyini bildirsə də, qeyd etdiyimiz kimi əvvəllər də ölkəmizdə belə hadisələr qeydə alınıb. Təkcə 1980-ci ildə Talış dağlarında və Naxçıvanda 4 dəfə bəbirin insana hücumu baş verib. 2006-cı il dekabrın əvvəllərində isə Cəlilabad rayonunda nəsli kəsilmək üzrə olan bəbir vurulub. Bununla da ölkəmizdə bəbirin olmadığı barədə söylənən ehtimalların əksi sübutunu tapıb. Hadisə Cəlilabad rayonunun Axtaxana kəndinin 150 kilometrliyində baş verib. 17 yaşlı kənd sakini olan çoban bəbiri ov tüfəngi ilə öldürüb. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanın yaşayış məskəninə yaxın gəlməsi ilə bağlı müxtəlif versiyalar irəli sürüb ki, bunların arasına bəbirin İrandan gəlməsi barədə fikirlər də olub.

Vurulan bəbir isə üzərində qara xallar olan ağ dərili olduğundan Asiya ön bəbiri növünə aid olunub. Maraqlı məqam isə hadisənin Hirkan Milli Parkının ərazisindən kənarda baş verməsi olub. Çünki bu günlərdə Lerikdə baş verən hadisə ilə bağlı açıqlamalarda milli park ərazisindəki bəbirlərin nəzarətdə olduğu vurğulanırdı. Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycandakı nümayəndəsi Elşad Əsgərov isə 2006-cı ildə baş verən hadisə ilə bağlı açıqlamalarında bəbirin Hirkan Milli Parkının ərazisindən kənarda vurulmasının onun populyasiyasının sayının artmasına dəlalət edə biləcəyini istisna etmirdi. Bu isə üzərindən 7 il keçdikdən sonra daha bir bəbirin Lerikdə peyda ola biləcəyini söyləməyə imkan verir.

Həmin vaxt bəbirin ov məqsədilə dağdan aşağı endiyi və onu buna yemin qıtlığı məcbur edə biləcəyi versiyaları da irəli sürülürdü.

Bu hadisədən 1 il sonra, 2007-ci il 28 avqustunda Mingəçevir gölü ətrafında bəbirin görüldüyünə dair məlumatlar yayıldı. Həmin ərazilərdə qədimdə Qafqaz bəbirləri yaşasa da, son yarım əsrdə ərazidə bəbirlərə rast gəlinmirdi. Həmin vaxt Ümumdünya Vəhşi Təbiət Fondu Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirmişdi ki, Azərbaycan ərazisində 15-ə yaxın bəbir yaşayır. "İşğal olunmuş ərazilərdə 4-5 bəbirin yaşamasını təxmin etsək Talış dağları və Naxçıvan ərazisindəki bəbirlərlə birgə bu say 15-ə çatır". E. Əsgərov əvvəllər bu heyvanların Azərbaycanın bütün ərazisində yaşadığını, hətta 40-50 il bundan əvvəl Maştağada bir bəbir öldürüldüyünü bildirib. Onun sözlərinə görə, Mingəçevir gölü ətrafında da bəbirin yaşadığını müəyyən edilib. Zooloqları həmin ərazidə bəbirin axtarışına vadar edən amil Alazan çayının o tayı, Gürcüstan ərazisində bəbirin yaşadığının təsdiqlənməsi oldu.

2 il ərzində aparılan müşahidələr bəbirin miqrasiya etdiyini yox, orada daimi yaşadığını təsdiq edib. Bəbirin Mingəçevir gölü ətrafında olması 2008-ci ildə yox, 2006-cı ildə aşkarlanıb. Sadəcə bəbirin həyatına görə ehtiyatlanan mütəxəssislər bu məlumatı elan etmək üçün 2 il gözləyiblər. Bu müddətdə isə bəbirin öldürülməsinə görə cərimələrin 9 min manatadək çatması və dövlət tərəfindən qorunan ərazilərin artmasının bəbirlərin həyatını daha təhlükəsiz edib.

Verilən açıqlamalarda o da vurğulanırdı ki, İranın Azərbaycanla həmsərhəd dağlarında bəbirlərin kifayət qədər iri populyasiyası yaşayır və Azərbaycan bəbirləri onlarla təmasın hesabına özünü qoruyub-saxlaya bilir. Cəlilabadda "peyda olan" bəbirin də məhz o taydakı qoruqdan gəlməsi ehtimal edilirdi.

Məhz həmin illərdə bəbiri öldürdükləri səbəbi ilə bir qrupun həbs olunması barədə də məlumat var. Həmin dövrdə Əbülfət Musa oğlu Pənayev, Azad Musa oğlu Pənayev, Güləddin Səadət oğlu Əliyev, Bəxtiyar Səadət oğlu Əliyev, Teymur Adıgözəl oğlu Ramazanov, Zaur Balaşirin oğlunun həbs edilərək 2 ay Bayıl həbsxanasında saxlandığı bildirilirdi. Hadisənin isə Lənkəranın Şolen kəndində baş verdiyi vurğulanırdı.

Daha bir maraqlı hadisə isə 2009-cu il aprelində yenə də Cəlilabadda qeydə alındı. Həmin il aprelin 9-da Cəlilabad rayonunun Gülməmmədli kənd sakini 17 yaşlı Zahid İsgəndərov bəbirin hücumuna məruz qaldı.

Hadisə kəndin kənarındakı meşə massivində, saat 4-də baş verdi. Zahid İsgəndərov bir neçə başqa gənclə birgə kəndin kənarında gəzdiyi zaman bəbirin onlara tərəf gəldiyini görüb. İsgəndərovun sözlərinə görə, bəbirin onlara yaxınlaşmasının qarşısını almaq üçün ona daş atıblar. Bəbir isə gəncə hücum edib. Nəticədə sol gözü, başı, aşağı və yuxarı ətraflarından xəsarət alan Z.İsgəndərov Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
İsgəndərovun həmkəndliləri isə bəbiri zərərsizləşdirmək üçün dərhal axtarışa başlayıblar.

"Hirkan" qoruğu isə bu hadisə ilə bağlı yayılan açıqlamada sakinlərin bəbirin axtarışını dayandırmağa çağırıb və bundan narahatlığını bildirib. "Hirkan" qoruğunun məsul işçisi Ramazan Bünyadov o zaman mətbuata verdiyi açıqlamada bildirib ki, qoruqda 6 Qafqaz bəbiri var: "Lakin bu bəbirlər Z.İsgəndərovun hücuma məruz qaldığı əraziyə gedə bilməzdi, çünki nəzarətdədirlər". Qeyd edək ki, Lerikdə baş verən hadisə ilə bağlı da məhz həmin arqument səsləndirilir. Sakinə hücum edən bəbirin isə 2006-cı ildə rayonun Axtaxana kəndində öldürülən bəbir kimi İrandan gələ biləcəyi istisna edilmirdi.

Ardınca Ekologiya və Təbii Sərvətlər Nazirliyi Cəlilabad rayonu ərazisində adı "Qırmızı Kitab"a düşmüş bəbirin insanlara hücum etməsi faktı barədə yaydığı açıqlamada məlumatın şişirdildiyini bildirdi. Nazirliyin açıqlamasına görə, elmi-tədqiqatların nəticələri bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbirin insanlara çox nadir hallarda hücum etdiyini təsdiqləyir: "Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya "təxribatı" olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək, bəzi hallarda insana da hücum edirlər. Aprelin 9-da Cəlilabadda baş vermiş insidentlə əlaqədar müəyyən edilib ki, yırtıcı heyvanın hücumunun səbəbkarı sakinlər özləri olublar. "Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə həmin yırtıcının bəbir olması da şübhə doğurur"-deyə ETSN-dən bildirilib.

Bütün bunlar isə bəbirləri nəzarətdə saxlamağın deyildiyinin əksinə olaraq mümkün olmadığı, "yerli" bəbirlərlə yanaşı "qonaq" bəbirlərin də görünməsinin istisna edilmədiyi, bəbirin nəzarətdə olduğu ərazilərdən kənarlarda da populyasiyasının mümkünlüyü, təkcə gecə saatlarında yox, günün istənilən zamanında insanın qarşısına çıxması kimi faktları təsdiqləyir. Qalır bircə Lerik olayına belə kəskin münasibətin səbəblərinin açıqlanması…
Yeri gəlmişkən, hadisənin qeydə alındığı kənd "Hirkan" qoruğunun lap yaxınlığındadır.

Elnur
AzNews.az




image description image description image description