Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti, akademik Culian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti, akademik Culian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bolqarıstan Elmlər Akademiyasının heyəti AMEA-da

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Bolqarıstan Elmlər Akademiyasının (BEA) prezidenti, akademik Culian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AzNews.az saytına AMEA-nın İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibində BEA-nın vitse-prezidenti, müxbir üzv Vassil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və arxeologiya üzrə fəlsəfə doktoru Todor Çobanov olublar.
Görüşdə Avropa İttifaqı proqramları çərçivəsində müvafiq sahələr üzrə təcrübə, alim və tədqiqatçıların mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin neft və qaz yataqlarının kəşfiyyatı, geologiya, seysmologiya, arxeologiya, ekologiya və digər prioritet sahələrdə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi və tədqiqatları haqqında məlumat verib. Dünyanın nüfuzlu elm mərkəzləri və ali məktəbləri ilə əməkdaşlıq əlaqələrindən danışıb.
Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərini xatırladan akad. A.Əlizadə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Paleontologiya və Tarixi Geologiya Muzeyi barədə danışıb. Bu qurumla AMEA-nın Təbiət Tarixi Muzeyi arasında təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.
AMEA Yüksək Texnologiyalar Parkı haqqında da məlumat verən akademik bildirib ki, müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.
Sonra çıxış edən akademik Culian Revalski Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. Alim rəhbərlik etdiyi qurum haqqında məlumat verərək, BEA-da fəaliyyət göstərən 42 müəssisədə elmin müxtəlif sahələrində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə olunduğunu, eləcə də dünyanın bir sıra elm mərkəzləri ilə əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, AMEA ilə riyaziyyat, arxeologiya, astrofizika, ekologiya, informasiya texnologiyaları və s. sahələr üzrə birgə tədqiqatların həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
İki ölkənin elmlər akademiyaları arasında əməkdaşlığın daha da möhkəmləndiyini deyən akademik bu istiqamətdə fəaliyyətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

AzNews.az

image description