19:57
(077) 610-22-33

Nisyə faylı

  • >
390 1 Aprel 2013 15:20 | Cəmiyyət

Zamin Hacı


Yeni dövrün kəşfləri həyatımızın bütün sferalarına daxil olmaqdadır, buna görə hökumətə minnətdarlığımızı bildirir, dahi liderin ətrafında qalan bütün mümkün boş ərazilərdə sıx birləşmək arzumuzu dilə gətiririk.

Bir dostum nəql eləyir ki, qonşuluqda balaca dükan var, həmişə ordan evə xırda-mırda bazarlıqlar edir. Təzəlikcə yenə girib dükana, çörək, qənd-çay alıb, pulu vermək istəyəndə baxıb pulqabı evdə qalıb. Deyib, qonşu, borcum nə qədərdirsə adıma yaz, sonra verərəm. Allahdan gizli deyil, hökumətdən niyə gizli olsun – bizdə istənilən özünə hörmət qoyan dükanda nisyə dəftərləri var. Dostumuz deyir ilk dəfə idi nəyi isə borca alırdım, bir az da utandım. Ancaq satıcının cavabı onu daha şoka salıb, utandırıb: "Nisyə verə bilmərik, işıq sönüb".

Əlbəttə, bu dünyada hər şeyin işıqla əlaqəsi vardır. İşıq olmasa həyat da olmaz. (Əslində eyni söhbət qaranlığa da aiddir. Müəyyən nisbətdə və ardıcıllıqda qaranlıq da olmalıdır, yoxsa daimi işıq həyatı məhv edər). Burda fəlsəfə açmayaq, bəsdir. Dostumuzun əhvalatına qayıdaq. Deyir, nisyə ilə işıq arasında bu mistik-metafizik əlaqə haqda o bir neçə saniyədə düşünərkən ağlıma min şey gəldi. Məsələn, fikirləşib ki, bəlkə işıq deyərkən dükançı cənnətin, axirət dünyasının işıqlarını, bizim hər birimizin bu dünyaya bir can borclu olduğumuzu, prosesdə nisyənin mümkünsüzlüyünü nəzərdə tutur. Ya da dükançı onun üzündə yetərincə nur görmədiyindən borc vermək istəməyib.

Uzun sözün qısası, sizi də çox intizarda qoymayaq və bu qəribə olayın izahını yazaq. Sən demə dükançı borcları piştaxtanın altında saxladığı... kompüterə yazırmış, elektrik kəsildiyindən hazırda bu əməliyyat imkansız imiş.

Təsəvvür edirsinizmi? Dükançının kompüterində ayrıca nisyə faylı, qovluğu, direktoriyasımı deyək – belə bir şey varmış. Daha əski vaxtlardakı (AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu orta əsrlərin qaranlıq dönəmində, məsələn) nisyə dəftəri dəbdən düşəcəkdir. Bu texnoloji yeniliyə şərait yaratdığı üçün yapokratiyaya bir daha təşəkkür edək. Kim hökumətə çox təşəkkür eləsə, onun işi qabağa gedirmiş. Yolda qarşına qara hökumət çıxsa sol çiyninin üstündən geriyə tüpürüb sağ əlinin çeçələ barmağını tapdalamaq lazımdır. Yuxuda hökumət görən uzun yaşayırmış. Bunlar hamısı el inanclarıdır. Şübhə eləyənin ağzı əyilsin.

Mövzudan uzaqlaşmayaq, yoxsa qayıdıb tapmarıq, hansısa başqa sayt çırpışdırıb öz səhifəsinə qoyar. Əhalinin dükan-bazar borclarının bu cür elektron variantda arxivləşdirilməsi çox müsbət hadisədir. Necə deyərlər, "fayllar yanmır". Hər bir belənçik məlumat rəqəmli (dijital) versiyada saxlanılsa, misal üçün, bundan 1000 il sonra da insanlar o faylları açıb oxuyar, Binəqədi sakini Məmmədağa müəllimin 2013-cü ilin aprel ayının 1-də, saat 13:45 radələrində Əhmədağa müəllimin dükanından nisyə 4 ədəd Dərnəgül çörəyi, 1 ədəd "Dəmləgül" çayı aldığını, aprelin 6-da axşam radələrində borcunu ödədiyini öyrənərlər. Bunlar hamısı ölkəmizin tarixidir, salnamələrdir.

Hökumətimiz hərdən "elektron hökumət"-zad deyir ha, bax, o elə budur. Borc dəftərləri elektron olmalıdır. Həmçinin, çalışmaq lazımdır nisyə faylları hər cür haker hücumlarından, kənar müdaxilələrdən qorunsun. O qədər namərd, dövlətçiliyə yad ünsür var ki... Bir də gördün səndən borca aldığı gündəlik tələbat mallarını yaddaşdan itirmək üçün girdi internet üzərindən nisyə faylını sındırdı, məlumat bazasını yox elədi. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir – Heydər Əliyev demişkən. Dövlət gərək elektron nisyə dəftərlərinin qorunması, həmin dükançıların antivirus proqramlarının yenilənməsi qayğısına qalsın.

Ümumən, yaxşı olardı ki, dükanlardakı bu borc siyahıları vahid bir serverdə, hansısa dövlət qurumunun qoruması altında saxlansın. Çünki bu borc siyahıları alçaq yadelli düşmənlərimizdən biri olan ermənilərin də əlinə keçə bilər.
Bağla X