Baş Prokurorluq müstəntiqin qərarını ləğv edib Baş Prokurorluq müstəntiqin qərarını ləğv edib

Azərbaycanın Milli qəhrəmanına cinayət işi...

Baş Prokurorluq müstəntiqin qərarını ləğv edib






Azərbaycanın Milli Qəhrəmanı, Goranboy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Maşallah Abdullayevə cinayət işi açıla bilər. Belə ki, əmisini onu satmaqda ittiham edən qardaşı qızı Vüsalə Abdullayevanın Baş Prokurorluğa müraciəti nəticə verib.

Baş Prokurorluq ittihamlarla bağlı cinayət işinin açılmasının rədd olunması barədə müstəntiqin bundan əvvəl verdiyi qərarı ləğv edib. Beləliklə də iş yenidən baxılmaq üçün Goranboy Rayon Prokurorluğuna göndərilib. Bu barədə məlumatı AzNews.az-a Vüsalə Abdullayevanın sığınacaq üçün müraciət etdiyi "Təmiz dünya" İctimai Birliyinin hüquqşünası Ruslan Vəliyev verib.

Hüquqşünasın sözlərinə görə, Baş Prokurorluğa edilən müraciətdə işin Bakıda araşdırılması da əksini tapmışdı. Ancaq müraciətin bu hissəsi təmin edilməyib: "Bununla belə cinayət işinin açılmasının rədd edən müstəntiqin qərarının ləğv edilməsi və yenidən araşdırma aparılması da müsbət nəticədir. Əgər araşdırma gedişində narazı qalacağımız məqamlar olarsa bunla bağlı da hüquqi prosedurlar həyata keçiriləcək".

Qeyd edək ki, Vüsalə Abdullayeva Milli qəhrəman olan əmisini onu Türkmənistana satmaqda ittiham edib. M.Abdullayev isə qardaşı qızının narkoman olduğunu bildirərək, onu hətta oğurluq etməkdə günahlandırıb.

Vüsalə Abdullayeva mətbuata açıqlamasında əmisi tərəfindən yüksək məbləğ qarşılığında Türkmənistana satıldığını iddia edib: "Əmim Milli Qəhrəman olduğu üçün bu məsələyə ciddi yanaşmırlar. Mən isə əmimin etdiyi hərəkətlərə görə layiqli cəzasını almasını istəyirəm".

Elnarə Əlosmanqızı
AzNews.az