AXC dövrünün nadir eksponatı sərgidə

AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilən "Arşın mal alan: dövr, insanlar, personajlar" sərgisində 1919-cu il mayın 27-də, Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyi münasibəti ilə oynanılmış "Arşın mal alan" operettasının proqramı yer alıb.

AMEA-dan Aznews.az-a bildirilib ki, Azərbaycan mədəniyyətinin ən gözəl nümunələrindən olan "Arşın mal alan" operettası 1913-cü ildən başlayaraq dəfələrlə tamaşaya qoyulub. 1918-ci ildən başlayaraq Dövlət teatrında mütəmadi olaraq səhnələşdirilmiş operettanın ən möhtəşəm və təntənəli tamaşası 1919-cu il mayın 27-də baş tutub. Tamaşanın müstəqilliyin 1 illiyinə həsr olunmuş tədbirlər sırasına salınması həm dövlətin milli opera-teatr sənətinə olan diqqətini nümayiş etdirir, həm də "Arşın mal alan"ın tutduğu önəmli yerdən xəbər verir.

Tarixi sənəd ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində mayın 19-dək davam edəcək "Arşın mal alan: dövr, insanlar, personajlar" sərgisində tanış olmaq olar.

Ruhiyyə
Aznews.az