08:42
(077) 610-22-33

Gülər Əhmədovanın vəkilindən istintaqa sərt ittiham

  • >
338 2 Aprel 2013 13:06 | Cəmiyyət

“Gülər Əhmədova sifariş əsasında həbs olunub”



"Hazırda bizə istintaqın gedişi ilə bağlı heç bir məlumat verilmir". Bunu AzNews.az-a barəsində həbs qətimkan tədbiri seçilən keçmiş millət vəkili Gülər Əhmədovanın vəkili Raqif Mustafayev bildirib.

Vəkilin sözlərinə görə, indiyə qədər bir neçə dəfə vəsatət qaldırsa da, heç bir vəsatətinə müsbət cavab almayıb: "İstintaqın gedişində bizi təəccübləndirən müəyyən məqamlar var. Bunlar da Gülər Əhmədovanın hüquqlarının pozulması ilə bağlıdır. Gülər Əhmədova barəsində hələ heç bir qərar olmadığı halda onun respublikadan çıxmasına qadağa qoymaq qanuna ziddir. Cinayət təqibi altında olmayan şəxs barəsində belə bir tədbir görülməsi və onun sərbəst hərəkətinin məhdudlaşdırılması qanunsuzdur".


Vəkili narahat edən digər məqam videomaterialda adı keçən mərhum Sevinc Babayeva ilə bağlıdır. Vəkil deyir ki, S. Babayeva haqqında konkret cinayət işi olduğu halda onun barəsində belə bir tədbir görülməyib və o, ötən il sentyabrın 21-də ölkəni tərk edərək Türkiyəyə gedib: "İndi istintaq orqanı öz etinasızlığını Gülər Əhmədovanın üzərinə qoymaq istəyir. Guya Sevinc Babayevanı xaricə o qaçırıb və buna görə 307.2 maddəsi verilib. Sual olunur ki, əgər Sevinc Babayeva onlara lazım idisə niyə ölkəni tərk etməsinə şərait yaratmışdılar? Sevinc Babayevanın oğlu istintaqa və mətbuata verdiyi açıqlamada bildirib ki, o, Bakı Şəhər Prokurorluğuna müraciət edib ki, gedib anasını Türkiyədən gətirmək istəyir. Ancaq istintaq ona bildirib ki, ananın harada olmasının bilirik və lazım gəlsə, özümüz gətirəcəyik. Bu necə istintaqdan qaçıb gizlənməkdir ki, istintaq onun harada olmasını əvvəlcədən bilib. Daha bir hüquqi məntiqsizliyi qeyd edim. Sevinc Babayeva Azərbaycanı tərk edib Türkiyəyə gedib və oktyabrın 5-də onun barəsində icraatı 2009-cu ildə başlayan, daha sonra 2 dəfə xitam verilən cinayət işi yenidən təzələnib, axtarış elan olunub. Onun hətta özünün də axtarışda olmağından xəbəri olmayıb. Əgər Sevinc Babayevanın cinayət işinin təzələnməsindən və axtarışa verilməsindən xəbəri olmayıbsa, Gülər Əhmədova bunu haradan bilsin? Buna baxmayaraq, istintaq orqanı Gülər Əhmədovanın Sevinc Babayevanın istintaqdan qaçıb gizlənməsinə kömək etdiyini bildirir. Sevinc Babayevanın barəsində təzələnən cinayət işi ilə bağlı heç bir məhkəmə qərarı yoxdur. Onun günahkar olub-olmadığı bəlli deyil. Amma istintaq artıq Gülər Əhmədovanı cinayət edən şəxsin qaçıb gizlənməsinə yardım etməkdə ittiham edir. G. Əhmədovaya ilk dəfə təqsirləndirilən şəxs qismində 178.3.2 maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisə nəzarət altına vermə tədbiri seçilib. 13 fevralda isə G.Əhmədovaya yenidən ittiham elan edilib və 307.2 maddəsi əlavə edilib. Məhkəməyə müraciət edilib və Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilib. Yəni daha ağır maddə ilə polisə nəzarətə verilmə kimi yüngül qətimkan, daha yüngül maddə ilə isə daha ağır qətimkan tədbiri seçilib. 307.2 maddə böyük ictimai təhlükə törətmir, buna görə həbs qətimkan tədbiri seçilmir və buna görə Ali Məhkəmənin plenumunun tövsiyələri də var. Bütün bunlar, istintaq orqanının hərəkətindəki məntiqsizliklər belə düşünməyə əsas verir ki, Gülər Əhmədovanın həbsi sifariş əsasında həyata keçirilib".

Sifarişin kimdən gəlməsi barədə suala cavabında isə vəkil "Bunu mən bilmirəm. Əgər istintaq gah sağ, gah sola çırpınırsa, belə qənaət yaranır" deyə vurğulayıb.

Vəkil istintaqın 10 gün içində yekunlaşdırılaraq məhkəməyə göndəriləcəyi ilə bağlı məlumatlara da münasibət bildirib: "Əgər iş bu formada məhkəməyə verilsə bu, çox böyük qanunsuzluq olacaq. Tələbimiz Elşad Abdullayevin gətirilərək dindirilməsidir. İttihamda 1 milyon manat, mötərizədə 1 milyon dollar yazıblar. O qədər çaşıblar ki, bilmirlər dollardır, ya manat".


Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X