“İbrahimbəyovun Azərbaycan xalqı ilə bağlılığı yoxdur“

Rüstəm İbrahimbəyov neçə vaxtdır ki, bu mahnını oxuyur, ancaq bu mahnıda yeni çalarlar, yeni notlar yoxdur. Bu barədə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rüstəm İbrahimbəyovun mətbuatda yayılan müsahibəsini şərh edərkən deyib.

Ağamalının sözlərinə görə, Rüstəm İbrahimbəyov öz sözündən daha çox bir icraçı kimi fəaliyyətini qurmaqdadır, bu gün onun bütün fikirləri, ideyaları satqınlıq zəminində qurulub və o, Rusiyanın sözünü deyir, Rəsul Quliyevin arzularını həyata keçirməyə çalışır.

"İbrahimbəyovun Azərbaycan xalqı, onun taleyi, bu günü, sabahı ilə hər hansı bir bağlılığı yoxdur, çünki İbrahimbəyov heç zaman Azərbaycan xalqı ilə birgə olmayıb. Sual olunur ki, neçə illərdən bəri Rüstəm İbrahimbəyov harada idi ki, onun bu qədər fəallığı görünmürdü? Nə oldu birdən birə?", - partiya sədri deyib.

Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun bu günki fəaliyyəti mahiyyət etibarı ilə ermənilərin strateji maraqlarına xidmət edir.

"Budur Rüstəm İbrahimbəyov. Ona görə də onun dediklərinin heç bir effekti yoxdur, olmayacaq da. Çünki onu Azərbaycanda dəstəkləyən, müdafiə edən heç kim yoxdur. Hətta bir neçə il bundan öncə İbrahimbəyovun qardaşı da onun ermənilərə yönəlmiş olan məhəbbətinə etirazını bildirmişdi. Rüstəm İbrahimbəyov kino işçisidir, kino çəkməklə, ssenari yazmaqla məşğul olsun", - Ağamalı deyib.

Rüstəm İbrahimbəyovun Azərbaycanda onun həyatına təhlükə ilə bağlı fikrinə münasibət bildirən Ağamalı qeyd edib ki, İbrahimbəyov kimə lazımdır ki, onun həyatı üçün hər hansı bir təhlükə olsun?

"O, bu gün Azərbaycan dövləti üçün hər hansı bir təhlükə yaratmır, sadəcə olaraq Azərbaycan dövlətinin üzərinə çirkab atır, böhtan atır. Bu cür onlarla adam var, onlardan biri də Rüstəm İbrahimbəyovdur. Rüstəm İbrahimbəyovun bugünki fəaliyyətinə görə, bu gün heç kim nə onun həyatı üçün təhlükə törədəcəyi haqda düşünür, buna ehtiyac da yoxdur", - Ağamalı deyib.

Ağamalı vurğulayıb ki, sadəcə olaraq bu cür əsası olmayan fikirləri, sözləri mətbuata ötürməklə İbrahimbəyov öz ətrafında böyük bir ajiotaj yaratmağa çalışır. Özünü çox böyük bir "persona" kimi təqdim etməyə cəhdlər göstərir. Rüstəm İbrahimbəyov bir kinorejissordan başqa bir şey deyil.//trend//

AzNews.az