Osman Gündüz internetə nəzarəti pisləyir

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrə İnternetin də əlavə edilməsi müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

Yeni təkliflərə görə İnternetdə böhtan və təhqirlərə görə müxtəlif miqdarda cərimələrdən tutmuş 6 ayadək müddətdə azadlıqdan məhrumetmə də nəzərdə tutulub.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Aznews.az-a açıqlamasında bildirib ki, KİV haqqında qanunda internet də kütləvi informasiya vasitəsi kimi göstərilib:

"Məhz bu maddəyə istinadən məhkəmələrdə bir neçə işə də baxılıb, artıq kimlərsə hətta bu məsələlərə görə həbs də edilib. Bu halda, yenidən bunun ayrıca qeyd edilməsinə nə ehtiyac vardı"?

Osman Gündüzün fikrincə, necə tənzimlənəcəyi maraq doğuran çox məsələlər var: "İnternetin spesifikliyi ilə bağlı – məsələn, İnternet resursun fiziki olaraq xaricdə yerləşməsi, konkret sahibinin müəyyən olunması mümkün olmayan digər onlayn mənbələrdən istifadə edilməsi, Forumlarda və çatlarda edilən müzakirələrdə qeyd olunan, lakin sonradan silinənlər, anonim situasiyalar və s - bütün bunlar necə tənzimlənəcək? Dəyişikliklərdə böhtan və təhqirin kütləvi nümayişindən söhbət gedir. İnternetdə kütləvi yaym dedikdə məhkəmələr nəyi əsas götürəcək? Fikrimcə, əgər normal tənzimləmə olmasa, təklif olunan dəyişikliyin normal tətbiq mexanizmi yaradılmasa, bu tip işlərin məhkəmə baxışı üzrə təcrübə və mütəxəssislər olmasa, Azərbaycan İnterneti üçün ciddi fəsadlara gətirib çıxara bilər".

Ruhiyyə
Aznews.az