Prezident zavodu işə saldı

Azərbaycan prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində "AzFP CO LTD" MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib.

AzNews.az-ın məlumatına görə, "AzFP CO LTD" MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlət başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaq. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülüb.

İlham Əliyev birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə salıb.

Zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunduğu diqqətə çatdırılıb.

Prezident polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sifarişə əsasən istehsal edilən kisələrin üzərində loqolar və reklamlar çap olunur.

Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib.

Bildirildi ki, "Milla" brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulub. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilib. Hazırda zavod yüksək keyfiyyətli "Milla" ticarət markası altında 56 növ süd məhsulları istehsal edir.

AzNews.az