Vidadi İsgəndərli ona təzyiq göstərənlərin adlarını açıqladı

Vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi İsgəndərli ABŞ səfirliyində görüş keçirib. Bu haqda hüquq müdafiəçisi özü məlumat verib.

"Aprelin 30-da ABŞ səfirliyində siyasi məsələlər üzrə müşavir Ceff Khurqellə görüşdüm. Son 4 ildə mənə qarşı basqınların səbəbləri, hüquq müdafiəçisi kimi fəaliyyətimlə əlaqədar qanunsuz həbsim barədə məlumat verdim. Özümə və ailəmə qarşı təxribatların olacağı haqda hakimiyyət tərəfindən aldığım xəbərdarlıqdan danışdım. Mənə qarşı basıqların səbəbləri və arxasında duran şəxslərin adını da çəkdim. Dedim ki, bu şəxslər hakimiyyətdə təmsil olunanlar - baş prokuror Zakir Qaralov başda olmaqla Fazil Məmmədov, Misir Mərdanov, Ziya Məmmədov, Aydın Əliyev və digərləridir. Qaralov vaxtilə prokurorluqda çalışmış, hazırda Vergilər Nazirliyində çalışan Sərdar Əliyev vasitəsilə məni susmayacağım təqdirdə həbs ediləcəyim barədə xəbər göndərib" -, deyə o, bildirib.

V.İsgəndərli deyib ki, görüş zamanı seçkiqabağı mühitlə bağlı fikirlərini də səfirlik rəsmisi ilə bölüşüb: "Azərbaycanda seçkiqabağı ab-havanın olmaması, avtoritar üsul-idarəçilikdən imtina edilmədiyini dedim. Bildirdim ki, müxalifyönlü insanların, başqa cür düşünənlərin həbsi günbəgün artır, azad sözü ictimaiyyətə çatdıran mətbuat daim basqı altındadır. Ölkədə insan haqlarının pozulmasını diqqətə çatdırdım".

Hüquq müdafiəçisi demokratik dəyərlərin bərqərar olduğu dövlətlərin qarşıdan gələn prezident seçkilərinin saxtalaşdırılmasına göz yumacağı təqdirdə Azərbaycan əhalisinin bu dövlətlərə olan inamının birdəfəlik itəcəyini də diqqətə çatdırıb: "Məni diqqətlə dinlədikdən sonra dedilər ki, ABŞ demokratiyanı hər zaman müdafiə edib və edəcək. ABŞ rəsmilərinin Azərbaycan hakimiyyət nümayəndələrinə demokratik prinsiplərə riayət olunması, o cümlədən azad seçkinin keçirilməsi barədə mesajlarının olduğunu, bunu rəsmi görüşlərdə çatdırıldığını qeyd etdilər. Dedilər ki, ölkəmizdə gedən bütün prosesləri diqqətlə izləyirlər".

V.İsgəndərlinin sözlərinə görə, ABŞ rəsmiləri dəfələrlə bəyan edib ki, demokratik prinsiplərin bərqərar olması, demokratiyanın müdafiəsi tək bir dövlətin işi deyil: "Yəni demokratiya ümumbəşəri prinsipdir. Mən demokratiyanın beşiyi sayılan ABŞ-dan bu prinsipləri qorumağı xahiş etdim. Ölkədə keçiriləcək seçkilər zamanı ABŞ-ın avtoritarizmi deyil, demokratiyanı müdafiə edəcəyinə inanıram. Saxta seçkiləri dəstəkləsələr, xalqın Qərb dövlətlərindən yox, başqa dövlətlərdən imdad diləyəcəyini də qeyd etdim".

V.İsgəndərli özünün fiziki cəhətdən məhvini üçün baş prokurorun xüsusilə çalışdığını da səfirlik nümayəndələrinin diqqətinə çatdırıb. //musavat.com//

AzNews.az