06:47
(077) 610-22-33

“Bunu yaşamalı idik”- Əli Həsənov

  • >
386 2 May 2013 09:47 | Cəmiyyət

“Medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələr var”



"Senzura olan vaxtı mətbuatla senzura idarəsi üz-üzə idi. 1998-ci ildən sonra dövlət media ilə cəmiyyəti üz-üzə buraxdı. Hamı məsuliyyətli, jurnalistikanın qaydalarınmı əxz etmiş insan deyil. 1998-ci ildən sonra biz nə qədər məhkəmə prosesi yaşadıq, nə qədər jurnalistlər həbs olundu. Hətta ayrı-ayrı insanların jurnalistlərə fiziki təsirləri faktı ilə üzləşdik. Amma bu keçilməsi vacib olan bir proses idi və bunu yaşamalı idik". APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zaman bildirib.

Əli Həsənov hazırda prosesin öz məcrasına düşdüyünü deyib: "İnkişaf öz tendensiyasını formalaşdırır. Ümumi tendensiya ondan ibarətdir ki, hakimiyyətin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf bir ortamını yaratmaq idi. Bu artıq öz nəticələrini verib. Bu gün bəzi beynəlxalq qurumların iddialarının əksinə olaraq Azərbaycanda azad mətbuat mövcuddur. Heç kim deyə bilməz ki, hadisə haqqında məlumat almaq və yaymaq imkanından məhrumdur. Azərbaycanda heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə böyük cəmiyyətik və baş verən hər hansı hadisədən sığortalanmamışıq. Jurnalistlərlə bağlı döyülmə və məhkəmə halları yaşanır. Biz bunlardan xali deyilik və iddia da etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulub. Amma bütövlükdə media siyasətinin tendensiyaları və prioritetləri cəmiyyətimizə oturub. Əsas məsələ ondan ibarətdir ki, azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər, jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilər".

Əli Həsənov medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələrin olduğunu deyib: "Bunlara da həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, Azərbaycandakı hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan şəraiti ilə dünya ölkələrindən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq".

AzNews.az
Bağla X