20:37
(077) 610-22-33

Deputat amnistiya aktını mübət qiymətləndirir, vəkil isə...

  • >
287 2 May 2013 10:22 | Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva Milli Məclisə amnistiya aktı layihəsi təqdim edib.

Amnistiyanın 9 min nəfərə şamil edilməsi, 2 min nəfərin isə azadlığa buraxılması nəzərdə tutulur. Layihə mayın 7-də Milli Məclisdə müzakirə olunacaq.

Vəkil Anar Qasımlı deyib ki, amnistiya aktı onun ümidlərini doğrultmayıb:

"Bu sənəd siyasi məhbuslara, vicdan məhbuslarına şamil olunmaq baxımından qənaətbəxş sayıla bilməz. Bir müddət əvvəl seçkiqabağı "qızıl amnistiya" veriləcəyi ilə bağlı söhbətlər gəzir, siyasi baxışlarına görə həbs olunmuş insanların da həmin aktdan faydalanacağı gözlənirdi. Bu, cəmiyyətdə barış yaratmaq baxımından da uğurlu addım olardı.

Mehriban Əliyevanın təqdim etdiyi layihəyə gəlincə, sənəd istintaqı aparılan bəzi tutulanları da əhatə edə bilər. Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə başlanan istintaq işləri var. Ekspertizanın rəyi ilə narkoman olmadığı təsdiq olunanların işinə xitam verilməsi mümkün idi. Və ya 233-cü və 288-ci maddənin məhdudiyyətlər hissəsinə salınmaması yaxşı olardı. Ağır və xüsusilə ağır cinayət törətmiş insanların cəzasını yarıbayarı azaltmaq təklifi də layihədə əksini tapa bilərdi".

Deputat Fazil Mustafa isə parlamentə təqdim olunmuş layihəni müsbət qiymətləndirir: "Bu layihədə də ənənəvi kateqoriyalar nəzərə alınıb. Amnistiyanın ümumi qaydaları var və o qaydaları çox aşmaq olmur. Məsələn, məhdudiyyətlər sırasında narkotiklə bağlı maddələr olmasa, cəmiyyət üçün təhlükəli insanlar azadlığa çıxa bilər. Amnistiya verilərkən cəmiyyətdəki real durum, təhlükələr nəzərə alınır . Mehriban Əliyevanın təqdim etdiyi layihə də həmin prinsiplərlə hazırlanıb".

Yeni amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində saxlanan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslərə də amnistiyanın tətbiq edilməsi nəzərdə tutulur.//mediaforum//

AzNews.az
image description image description
Bağla X