Afiqə Batıyeva: «Müəlliflər işinin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır» Afiqə Batıyeva: «Müəlliflər işinin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır»

Dərsliklərin hazırlanması üçün müəllif məktəbi yaradıla bilər

Afiqə Batıyeva: «Müəlliflər işinin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır»





Məlahət Mürşüdlü: "Dərsliklərdə orta məktəb müəllimlərinin adları keçsə də, onların rəyləri qəbul edilməyib"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda dərsliklərin hazırlanması üçün müəllif məktəbi və ya kursunun yaradılmasını təklif edir. Bu təkliflə çıxış edən TQDK-nın şöbə müdiri Afiqə Batıyevanın sözlərinə görə, xarici ölkələrdə belə bir təcrübə var:

"Müəllif məktəbində və ya xüsusi müəllif kursunda müəllimlərə dərsliyin standartları, xüsusiyyətləri öyrədilir. Dərsliyin hazırlanması zamanı bu kurslardan olan layiqli müəlliflər seçilir. TQDK olaraq Azərbaycanda da belə bir məktəb və kursun yaradılmasını təklif edirik. Çünki yeni yazılan dərsliklərdə müəllif seçimi düzgün aparılmalıdır. Müəlliflər işinin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır. Buna görə də gələcəkdə ölkədə müəllif məktəbi, kursları, dərsliyi ekspertizadan keçirən ekspertlərin kursları təşkil olunmalıdır.

Digər ölkələrdə bunu böyük nəşriyyatlar özləri həyata keçirir. Çünki onlar maraqlıdır ki, hazırladıqları dərsliklər yaxşı müəlliflər tərəfindən hazırlansın. Orta məktəb dərsliklərini Qiymətləndirmə Şurasından keçirərkən daha ciddi olmaq, rəylərə və təkliflərə ciddi yanaşmaq lazımdır. Bu prosesdə təkcə müəllimlər yox, alim və metodistlər də ekspert qruplarının tərkibində olmalıdır".

Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Məlahət Mürşüdlünün sözlərinə görə, dərslik müəllifləri üçün məktəb və ya kursun təşkili müsbət olacaq: "Hazırda orta məktəblərdə istifadə olunan dərsliklərdə bir sıra problemlər var. Bunun da əsas səbəblərindən biri odur ki, dərslik müəlliflərinin tərtib etdikləri kitablar günün tələblərinə cavab vermir. Buna görə də dərslik müəllifləri üçün seminar və kursların keçirilməsi vacibdir. Həmçinin, bu kurslara cəlb edilmənin özündə də bir seçim imkanı olmalıdır. Həmin məktəblərdə təkcə elmi işçilər, professorların yox, həm də özündə güc tapan orta məktəb müəllimlərinin iştirakına şərait yaradılmalıdır. Düzdür bu gün də dərsliklər üzərində müəlliflərin ad və soyadları yazılır. Amma həmin müəllimlərlə söhbətdə bildirirlər ki, dərsliyin işlənməsində yaxından iştirak etməyiblər. Yalnız formal olaraq dərsliklərdə onların adı qeyd olunub. Həmin dərsliklərdə orta məktəb müəllimlərinin adları keçsə də, onların rəyləri qəbul edilməyib. Bu mənada düşünürəm ki, orta məktəb müəllimləri də dərsliklərin hazırlanmasında iştirak etməsinə şərait yaradılmalıdır. Bu kursların təşkili həm də həmin dərsliklərin yazılması zamanı olan nöqsanların aradan qaldırılmasına yardım edəcək".

M.Mürşidlinin sözlərinə görə, hazırda dərsliklərdə olan nöqsanlardan təhsil Nazirliyi də ciddi nəticə çıxarmalıdır. "Heç olmasa gələcəkdə çap olunacaq dərsliklərdə açıqlanan iradların aradan qaldırılması üçün iş aparılmalıdır. Tənqid başqa istiqamətə yozulmamalı və həlli ilə bağlı işlər görülməlidir".

Xalid
AzNews.az