“Əmin oldum ki, dünya Güney Azərbaycan məsələsi ilə bizdən daha çox maraqlanır” “Əmin oldum ki, dünya Güney Azərbaycan məsələsi ilə bizdən daha çox maraqlanır”

Sabir Rüstəmxanlı ABŞ səfərinin nəticələrindən danışdı

“Əmin oldum ki, dünya Güney Azərbaycan məsələsi ilə bizdən daha çox maraqlanır”



Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Amerika səfəri zamanı Dövlət Departamentinə Güney Azərbaycandakı vəziyyətlə bağlı 5 sənəddən ibarət qovluq təqdim edib. Bu haqda səfərin nəticələri barədə keçirilən mətbuat konfransında DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

DAK həmsədrinin sözlərinə görə, sənədlər Güney Azərbaycanda milli haqların pozulması, milli fəalların həbsi, Azərbaycanın 200 il ərzində qarşılaşdığı faciələr, öz yurd-yuvalarından deportasiya edilmələri və işğal faktı, eləcə də Urmiya gölünün quruması məsələlərini əhatə edib.

Səfərin olduqca maraqlı keçdiyini bildirən DAK həmsədrinin sözlərinə görə, Dövlət Departameni və Konqresdə keçirilən görüşlərdə Güney Azərbaycanda 35 milyondan artıq soydaşımızın durumu əsas müzakirə mövzusu olub: "Biz açıq şəkildə bildirdik ki, Güney Azərbaycanın taleyinin nə olacağını bilmək istəyirik. Çünki regionda mühüm siyasi hadisələr cərəyan edir və bu hadisələrin Azərbaycan türklərinin taleyinə təsirini bilmək bizim haqqımızdır".

Səfər çərçivəsində DAK Məşvərət Məclisinin sədri, Amerikada mühacirət həyatı yaşayan Mahmudəli Çöhrəqanlı ilə də görüşdüklərini bildirən S.Rüstəmxanlı Güney Azərbaycan milli hərəkatının lideri kimi tanınan Çöhrəqanlının sıxıntı içində olduğunu bildirib: "Çöhrəqanlı Azərbaycana və Türkiyəyə buraxılmır, halbuki Türkiyədə PKK-nın başında dayanan adamlar at oynadır. Onun Azərbaycana buraxılması ilə bağlı edilən müraciətlərimə hələ də cavab almamışam. Çöhrəqanlı Azərbaycanla bağlı bəyanat vermək istəmir, çünki əmindir ki, mütləq Azərbaycana gələcək".

Amerika səfərinin nəticələrindən razı qaldığını deyən DAK həmsədri "Bir daha əmin oldum ki, dünya Güney Azərbaycan məsələsi ilə bizdən daha çox maraqlanır. Halbuki Güney Azərbaycan məsələsi bizim hamımızın ölüm-dirim məsələsidir" deyə qeyd edib.

Nümayəndə heyəti səfər çərçivəsində Nyu-Yorkda "Erməni yalanlarına son" şüari ilə keçirilən aksiyada iştirak edib və bir sıra mühüm görüşlər keçirib.

Məlumat üçün bildirək ki, DAK son günlərəd Azərbaycanın rəsmi dairələrinin İranla bağlı bir-birinə zidd fikirlərin səsləndirilməsi ilə bağlı bəyanat da yayıb. Bəyanatda bildirlir ki, Azərbaycan rəsmiləri qonşu dövlətlərlə münasibətləri müəyyənləşdirərkən 35 milyon türkün taleyini gözardı edə, İran rejiminin anti-Azərbaycan siyasətini görməzdən gələ bilməz: "Biz İranla münasibətlərin yaxşılaşması əleyhinə deyilik. Lakin bu münasibətlər rəsmilərin çəxsi ovqatları və xoş görüşləri ilə yox, soydaşlarımızın hüquq və haqlarına münasibətlə müəyyənləşir".

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description image description