Dövlət başçısına “Qurani-Kərim” hədiyyə olundu

Dünən Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Məscidin axundu Rauf Sərdarov dövlətimizin başçısına məscidin bərpa olunub möminlərin ixtiyarına verilməsinin çox sevindirici olduğunu bildirib. "Sizin bu gün buraya gəlişiniz bir neçə cəhətdən bizim üçün bayramdır. Əvvəla ölkənin rəhbəri şəhərimizə, məscidimizə gəlib. Bu, bizim üçün bayramdır. Bu gün həm də məscidimizin açılışı olacaqdır. Bu, ikinci bayramdır. Üçüncü bayram isə məscidimizin adı ilə bağlıdır. Bu, "Cümə" məscidi adlanır. Siz də çox gözəl gündə, cümə günündə buraya gəlmisiniz. Cümə günündə də yüz minlərlə insan bir araya yığışıb ibadət, dua edirlər. Cümə Allahın rəhminin yerdə nazil olan günüdür".


Dövlət başçısına "Qurani-Kərim" hədiyyə olunub. Prezident İlham Əliyev də çıxış edib: "Çox sağ olun. Doğrudan da əlamətdar bir gündür. Mən iki il bundan əvvəl gəlmişdim. Tikinti işlərinə bərabər baxırdıq. İndi ən yüksək səviyyədə tikilibdir. Həm xarici görünüşü, həm daxili tərtibatı gözəldir. Faktiki olaraq, yenidən tikilibdir. Minarəsi tikilibdir. Bütün lazımi şərait vardır. İstilik, kondisioner, böyük həyət vardır. Yəni, burada ibadət üçün bütün imkanlar vardır. Bu məscid bir sənət, memarlıq əsəridir. Elə də olmalıdır. İki minə yaxın məscid vardır. Onların böyük əksəriyyəti müstəqillik dövründə tikilibdir. İndi qədim vaxtlardan bizə miras qalan məscidlərin bərpası ilə də məşğuluq. Bu yaxınlarda Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə Məscidinin də açılışını edəcəyik. Bu məscid 743-cü ildə tikilibdir. İndi onun yenidən tikilməsi başa çatır. Orada köçürülmələr də var idi, yollar genişləndirildi.

Bakıda dini, tarixi abidələrimizin bərpasından da dəfələrlə söhbət aparmışıq. Təzəpir Məscidi, Bibiheybət Məscidi, Əjdərbəy Məscidi. Binəqədidə ölkəmizin ən böyük məscidi tikilib. Bu, həm bizim müqəddəs dinimizə olan münasibətimizdir, eyni zamanda, İslam aləmində Azərbaycan indi çox görkəmli yer tutur. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə mötəbər tədbirlər keçirilir. Müsəlman aləmində Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. Nəinki Azərbaycanda, müsəlman aləmində İslam həmrəylinin gücləndirilməsi üçün biz əlimizdən gələni əsirgəmirik. Belə gözəl, dini, tarixi abidələrin tikintisi, bərpası bundan sonra da davam etdiriləcəkdir".

AzNews.az