06:45
(077) 610-22-33

Qondarma “erməni soyqırımı“ iddiaları - Hesabatdan

  • >
661 5 May 2013 16:49 | Cəmiyyət

Politoloq Mübariz Əhmədoğlunun rəhbərlik etdiyi Siyasi İnnovasiya və Texnologiya Mərkəzi aprel ayı üçün analitik hesabat hazırlayıb.


Hesabatın Türkiyə-Ermənistan münasibətləri və qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı hissəsini təqdim edirik.

"Erməni soyqırımı"nın 98-ci ildönümünün qeyd olunması əvvəlki illərlə müqayisədə daha zəif baş tutub:

a) "Soyqırım"ın ənənəvi güclü qeyd olunduğu dövlətlərdə-Rusiya, ABŞ və Fransada əvvəlki tək çoxsaylı insanların iştirakı ilə tədbirlər demək olar ki, keçirilmədi. Hətta Yerevanın özündə məşəl yürüşündə iştirak edənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb;

b) "Erməni soyqırımı"nın qeyd olunmasında aktivlik cəmi 4 dövlətdə-İran, İsrail, Türkiyə və Gürcüstanda qeydə alındı. İranı çıxmaq şərti ilə qalan 3 dövlətdə ötən il də aktivlik artıb.

Gürcüstanın aktivliyindəki artım B.İvanişvilinin hakimiyyətə gəlməsindən yerli ermənilərin ruhlanmasıdır. Gürcüstanda bəzi təşkilatlar ("II İrakli" cəmiyyətinin rəhbəri A.Çikoidze) hətta Gürcüstan parlamentinin "soyqırımı" tanıması məsələsini aktiv şəkildə gündəlikdə saxlayıb. Gürcüstandakı ermənilər Türkiyə səfirliyinin binasının qarşısında çoxsaylı və daha uzun müddətli mitinq keçirdilər.

Türkiyədə "erməni soyqırımı"nın qeyd edən insan qruplarının, mərkəzlərin və ekspertlərin sayı əvvəlki illə müqayisədə daha çox idi. Ən azı, İstanbulda iki mərkəzdə "erməni soyqırımı"nın qeyd edilməsi internet vasitəsilə canlı yayımlandı. İstanbul və Diyarbəkirdə keçirilən tədbirlərdə iştirakçıların sayı əvvəlki illərlə müqayisədə çox idi.

İsraildə aktivliyinin artmasının əsas səbəbi ermənilərin bu ölkədə aktivliyə xüsusi önəm verməsi və bütün il boyu hazırlaşmaları idi. İsrailin baş naziri B.Netanyahu Türkiyənin baş naziri R.T.Ərdoğandan üzr istəməsəydi, bəlkə də ermənilər İsraildə "soyqırım"ın tanınması məsələsində daha çox uğur əldə edə bilərdilər. Bir sıra ekspert və parlamentarilər Knesseti erməni soyqırımını tanımağa çağırdılar; Holokost sahibi olan dövlətin "erməni soyqırımı"nı tanımamasını siyasi qərar adlandırdılar. İsrail rəhbərliyini ümumbəşəri ideyalara xəyanətdə suçladılar. Lakin İsraildə erməni soyqırımın tanınması məsələsinin bitdiyini də söyləmək mümkündür. Bu istiqamətdə ən çox iş görmüş məşhur ekspert İ.Çarni yazdıqlarını "erməni soyqırımı" arxivinə təhvil verdi. Bununla da fəaliyyətini dayandırdığını və ya İsraildə "erməni soyqırımı"nın tanınması uğrunda mübarizənin mənasız olduğunu bildirdi.

İranda "erməni soyqırımı"nın qeyd olunmasında müşahidə olunan aktivlik paradoksdur. İran hər il "erməni soyqırımını" qeyd edib. Lakin İranın belə həssas məsələyə özünün orijinal yanaşması olub. Bəzən qeydolunma tarixini əvvələ çəkib, əksərən isə mayın 10-dan sonra aprelin 24-nə dair hadisə qeyd olunub. Mayın 20-dən sonra da "erməni soyqırımının" İranda qeyd olunması ilə bağlı faktımız var. Bu, İranvari hiylədir; Türkiyə və Azərbaycanda İranın bu addımına diqqət vermirlər. İran isə ermənilərə özünü "soyqırımı" tanıyan dövlət kimi təqdim edə bilirdi. Bu il İran aprelin 21-dən başlayaraq "soyqırımı" qeyd etdi. Aprelin 21-də Tehranda "Ararat" kompleksində iranlı deputatların və ekspertlərin iştirakı ilə ermənilər "soyqırım"ın tanınması ilə bağlı elmi-praktik konfrans keçirdilər. İran parlamentinin vitse-spikeri Məhəmməd Həsən Abu Turabi Türkiyəni kəskin tənqid edən bəyanat verdi: "Vaxtilə ermənilərin qanına əlini batıranlar bu gün Suriyada qan tökürlər". Politoloq Həsən Behiştipur erməni "soyqırımı"nın tanınmasının zəruriliyini əsaslandırdı. Aprel ayının 21-dən etibarən hər gün müxtəlif qrup elm və siyasət adamlarının iştirakı ilə bu tədbir qeyd olundu. Aprelin 24-də parlamentdə xüsusi iclas, İranın Türkiyədəki səfirliyinin qabağında izdihamlı etiraz mitinqi keçirildi. Quranın yandırılmasına qarşı Tehranda BMT-nin ofisində keçirilən etiraz mitinqində iştirakçıların sayı ilə müqayisə etsək, Türkiyə səfirliyinin qarşısında keçirilən mitinqdəki iştirakçıların sayı ən azı 3 dəfə artıq idi. Şüarlar da kəskin idi. İranın erməni soyqırımına dəstək verməsinin bir neçə cəhəti diqqət çəkir:

a) İran İslam Respublikası dini dövlət olsa da, siyasət dinə yox, din siyasətə tabedir. Türk həmin türkdür: millətini və dinini qətiyyən dəyişməyib. Dəyişilən Türkiyənin Suriyaya qarşı siyasətidir. Türkiyə hətta İrana qarşı siyasətini dəyişməyib. ABŞ-ın bütün təzyiqlərinə baxmayaraq, Türkiyə İranın neft və qazını hələ də alır;

b) "Erməni soyqırımı"nın tarixinə münasibətdə İranın mövqeyi saxta münasibətdir. Çünki o dönəmdə İran özü də erməni məsələsindən əziyyət çəkirdi. Təsadüfi deyil ki, Türkiyədən hər hansı səbəbdən qaçan ermənilər Suriyaya, oradan Livana və digər ərəb dövlətlərinə getdikləri halda İrana dönmədilər. Qriboyedovla bağlı hadisələrin mahiyyəti XX əsrin 20-ci illərinədək davam etmişdir. Faktiki XX əsrin əvvəllərində Çar Rusiyasının ermənilərlə bağlı münasibətində İran elə Türkiyə qədər əziyyət çəksə də indi İran bunu danır;

c) İranın belə hərəkətləri antitürkiyəçilik deyil, ermənipərəstlikdir. Çünki Xocalı soyqırımına İran parlamentinin ekspertlərinin, mətbu orqanlarının diqqət ayırmaması fonunda "erməni soyqırımı"na bu qədər önəm vermək bunu sübut edir. Əgər İran antitürkiyəçiliklə məşğuldursa, niyə parlamentində Xocalı soyqırımı anılmadı?! Xocalı soyqırımına salavat çəkməyə dilləri çevrilməyən İran saqqallıları parlamentdə ayağa durub "erməni soyqırımı"nı andılar, uzun müzakirələr apardılar.

Hər-halda yaxın zamanlarda İranın ermənipərəstliyinin Azərbaycan və Türkiyə tərəfindən vahid dəyərləndirməsinə ehtiyac var.

Erməni katolikosları "soyqırım"ın 98-ci il dönümü ilə bağlı birgə bəyanatla çıxış etdilər. Türkiyədən erməni soyqırımını tanımağı, erməni xalqından üzr istəmyi və erməni mülklərini, kilsələrini və kilsə mülkiyyətini geri qaytarmağı tələb etdilər.

Ş.Aznavur "erməni soyqırım"ı ilə əlaqəli tədbirlərdə əvvəlki tək aktivlik göstərməsə də, Fransa prezidentini tənqid edib: Fransadakı ermənilər "erməni soyqırımı"nın tanınması istiqamətində hansısa bir addım atan kimi Olland onu əngəlləyir.

Rəsmi Yerevan "erməni soyqırımı" ilə əlaqədar beynəlxalq məhkəməyə müraciət etməyi vaxtsız hesab edir. Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryan bu bəyanatı verib.

"Erməni soyqırımı"nın 100 illiyi "soyqırım"ın tanınması istiqamətində son hədd deyil. 100 illiklə heç nə bitmir, 2015-ci il "erməni soyqırımı"nın tanınmasının davam etdirilməsi istiqamətində qüvvələrin konsolidasiyası ili olacaqdır- Soyqırım muzeyinin direktoru A.Demoyan

Macarıstanda Seqet şəhərində "erməni soyqırımı" qurbanları üçün memorial açılıb. "Soyqırım" ərəfəsində Macarıstanda ermənilərin kilsəsinin əlindən alınması ilə bağlı məlumatlar yayılıb. Macarıstanda "erməni soyqırımı"nın təmtəraqlı qeydi ilə bağlı yayılan məlumatlar yalandır, Azərbaycana psixoloji təsir etmək üçün nəzərdə tutulub.

Fransada "erməni soyqırımı" əvvəlki təmtəraqla qeyd edilməyib. Parisdə heç bir tədbirin keçirilməməsi, ermənilərlə bağlı hansısa bir rəsmi qəbul barəsində heç bir məlumat yoxdur. Keçən il Paris şəhərinin meri aprelin 24-də erməni icmasının rəhbərlərini qəbul edib. Ermənilərin Fransa ilə Türkiyə arasında münasibətləri gərginləşdirmək istiqamətində piar aktları nəticəsiz qalıb.

Ermənistanın arxivlərində "erməni soyqırımı"na aid 12 mindən çox sənəd var.

"Soyqırım"ın qeyd olunmasında qəribə məziyyətləri var. Hər il hansısa ölkədən erməninin deportasiya olunması ilə bağlı məlumatlar yayılır. Ötən il Ermənistan vətəndaşı Fransadan deportasiya olunub. Bu ilsə Kanadadan aprelin 24-də deportasiya olunub.

Erməni soyqırımında ən vacib ritual ABŞ prezidentinin müraciətləridir. B.Obama ənənəni pozmadı, müraciətini edib. "Erməni soyqırımı" terminini işlətmədi. Keçən illə müqayisədə prinsipial hesab etdiyimiz dəyişikliklər var:

a) Müraciət mətninin ümumu həcmi təxminən 11-12,5% azalıb. Diplomatiyada bu mühüm göstəricidir;

b) Osmanlı imperiyasının tarixinə dair mətndə yumşaldılma istiqamətində iş aparılıb, "vəhşicəsinə" sözü mətndən çıxarılıb.

c) B.Obama ermənilərin Amerika xalqı üçün etdiklərini ABŞ-ın geri qaytarmağa başladığını bildirdi. Başqa sözlə, Amerikadakı ermənilər Amerika dövlətçiliyi üçün çox işlər görüblər. Lakin bunu qaxınc etməkdən amerikalılar bezib və onların əvəzini ermənilərə geri qaytarırlar. Bu mühüm geosiyasi, siyasi, mənəvi dönüş deməkdir. Ümid etmək olar ki, B.Obamanın növbəti illərdəki müraciəti Türkiyə tərəfdən tənqidə məruz qalmayacaq. Son illərdə B.Obamanın bütün müraciətləri həm Türkiyə, həm də Ermənistan tərəfindən tənqidə məruz qalmışdır.
Türkiyənin "erməni soyqırımı"na münasibəti yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Türkiyə soyqırımı tanımış dövlətlərin qərarlarına yenidən baxmaq məsələsini gündəliyə gətirdi. Krım parlamentinə bu mövzuda edilən müraciətdən sonra Türkiyənin Kanadadakı səfiri Kanada hökumətinin "erməni soyqırımı"nı tanımaqla bağlı qərarlarına yenidən baxmağı gündəliyə gətirdi. Əks təqdirdə Kanada ilə iqtisadi əməkdaşlığa yenidən baxılacağını bildirdi. Kanadada baş verənlər erməniləri narahat etdi. Eləcə də prezident A.Gül Litvaya səfəri zamanı Baltikyanı dövlətlərə "erməni soyqırımı"nı tanımamağa, belə məsələlərdə diqqətli olmağa çağırdı. Son 4 ildə heç bir dövlət "erməni soyqırımı"nı tanımayıb. Bolqarıstan və İspaniya kimi dövlətlərin parlamentləri "erməni soyqırımı"nın tanıması məsələsini hətta müzakirədən çıxardılar. Bu il Yunanıstanda "erməni soyqırımı"nı qeyd edənlərə qarşı Yunanıstan hökumətinin rəftarı təkcə siyasi deyil, həm də psixoloji baxımdan çox şeyi deyir. Yunan polisi Afinada Türkiyə səfirliyinin qarşısında etiraz edən erməniləri döyüb səfirliyin qabağından uzaqlaşdırdılar.

Türkiyənin Ermənistanla bağlı siyasətində uğurları var, bu uğurların inkişafına dəstək lazımdır:

a) Türkiyədə erməni konsepsiyası işləyib hazırlamalıdır. Parlamentdə qanun halına salınan bu konsepsiya erməni adı ilə daxildən, qərbdən, şərqdən gələn bütün təhlükələri neytrallaşdırmaya yönəldilməlidir. Əks təqdirdə Türkiyənin dünya dövlətinə çevrilmə prosesinə gözlənilmədən zərbə dəyə bilər. Ermənilər alətdir. Bir neçə fövqəldövlətin əlində alət olmağa vərdişə çevriliblər. Nə vaxt Rusiyanın, nə vaxt ABŞ-ın əlində alət olduğu bəlli deyil. İndi İrana doğru həvəslənirlər;

b) Türkiyə Ermənistandan elektrik enerjisinin alınmasını, Ermənistan elektrik enerjisinin tranzit olunmasını yasaqlayan qanun qəbul etməlidir. Ermənistanda yeni AES-in tikintisi bununla şərtləndirilir, AES-in istifadəyə başlaması isə iqtisadi məsələ deyil, geosiyasi və təhlükəsizlik məsələsidir. Ermənistanın AES-i tikməkdə məqsədi dünyanın iri dövlətlərini özünün təhlükəsizliyinə cəlb etməkdir. Təhlükəsizliyini gücləndirdikdən sonra yenidən antitürkiyə addımlarını gücləndirəcək.

c) Tarixçilərin arasında "erməni soyqırımı"nın müzakirəsi qısa müddət ərzində Türkiyənin dövlət siyasətinə çevrilməlidir. Türkiyə tarixçiləri erməni soyqırımı ilə bağlı elmi-tarixi müzakirələrə başlayıb. Erməni tarixçilərini bu müzakirələrə dəvət edir. Erməni iştirakçılarının yol və yaşama xərclərini öz üzərinə götürür. "Erməni soyqırımı"nın müzakirəsinə həsr olunmuş elmi-tarixi konfranslar Türkiyənin ərazisində keçirilə bilər. Lakin ermənilərin arzusu ilə dünyanın istənilən dövlətində bu müzakirələr keçirilə bilər. Türkiyə tarixçiləri bu konfransları təkbaşına da keçirə bilərlər. Lakin ABŞ,Fransa,İngiltərə,Rusiya tarixçiləri ilə də müştərək konfranslar daha faydalıdır. Ermənilər belə konfranslardan yayınacaqlarsa, özləri ziyan çəkəcəklər: Həm mövqeləri şübhə doğuracaq, həm də dünya elmi ictimaiyyəti ermənilərə müxtəlif sorğu-suallar göndərməklə onları çətin vəziyyətə salacaqlar.

ç) Ermənilərin "soyqırımla" bağlı mövqeyində vacib dəyişikliklərdən biri də "erməni soyqırımı"nın Qarabağ məsələsindən arxa plana keçirilməsidir. Başqa sözlə, 2013-cü ildə baş verənlər sübut etdi ki, ermənilər həm "erməni soyqırımı", həm də Qarabağ məsələsini eyni dərəcədə paralel inkişaf etdirə bilmirlər; iki mövzudan birini seçmək qarşısında qalıblar. Qarabağ məsələsinə daha çox diqqət ayırmağı qərara aldılar. Ona görə Türkiyə Dağlıq Qarabağ məsələsində səylərini artırmalıdır. Türkiyə Dağlıq Qarabağ tənzimlənməsində ritorika və bəyanatlar mərhələsini tarixin qəbiristanlığına tullamalı, real praktiki tənzimləmə ilə məşğul olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin hərbi yoldan başqa heç bir variantı yoxdur. Hərbi həllin yubadılması, Azərbaycan və Türkiyənin qarşısına yeni hədələr qoya bilər. Türkiyənin bu məqamı nəzərə alması Azərbaycana hərbi dəstək verməsi, "erməni soyqırımı" ilə mübarizə aparmağın tərkib hissəsi olmaqla vacib məsələdir.

1. Türkiyə ilə münasibətlərdə aydın inkişaf xətti və ya aktual mövzu olmayıb. Ermənilərin fikrincə, Van-Yerevan və Yerevan-İstanbul aviareysinin ləğvi Ermənistana təzyiq xarakterlidir. 2015-ci ildən sonra bu aviareyslər normal işləyəcək. Sonradan bəlli olub ki, Yerevan-İstanbul aviareysi dayandırılmayıb.

Türkiyə "ASALA" üzvünün tələbini yerinə yetirərək, həbsxanada ölmüş məhbusun meyitini Fransaya göndərib. "ASALA" üzvü Levon Ekmekçyan 1982-ci ildə Ankaranın Esenboğa hava limanına hücum edənlərdən idi. "Tələb" sözünün müəllifi olan erməni mətbuatının yazdığına görə, L.Ekmekçyan 30 illik həbs həyatı boyu uzunmüddətli əzab və işgəncədən sonra asılmışdı. Erməninin anlamındakı Türkiyə Suriya ermənilərinə təhlükə yaratmaqda davam edir. Kürdlərlə türklərin münasibətinin normallaşması ermənilərdə narahatlıq yaradır. Hətta rəsmi Ankaranın kürdlərlə münasibət normallaşdırmaqdan ötrü yaratdığı "Müdriklər Komissiyasına" ermənini daxil etməsi də Ermənistan mətbuatında tənqidlə qarşılandı. Ermənilər Türkiyə-İsrail münasibətlərinin uzun müddət yaxşı olacağına inanmırlar. Yaxınlarda iki dövlətin münasibətindəki ziddiyyətin daha da gərginləşəcəyini proqnozlaşdırırlar.Lakin ən ciddi narahatçılıq Türkiyənin Dağlıq Qarabağ münaqişəsində artan rolu ilə bağlıdır. ABŞ dövlət katibi C.Kerrinin qısa müddət ərzində 3 dəfə Türkiyədə olması, Türkiyə-Ermənistan münasibətlərini müzakirə etməsi, Qarabağ tənzimlənməsində Türkiyəyə önəm verməsi ermənilərdə narahatlıq yaradıb.

ABŞ-ın keçmiş konqresmeni C.Şmidt ABŞ-dakı erməni lobbi təşkilatlarının ciddi hədəfindədir. Guya o vaxtilə türklərdən 500 min dollarlıq hədiyyə alıb və vergisini ödəməyib. C.Şmidt həmin hədiyyəni geri qaytarmalıdır.

Türkiyədən 25 qadın iş adamı Ermənistanda qadın iş adamları ilə görüş keçirib. Bu USAID-in maliyyələşdirdiyi proyektlərdən biridir.

Türkiyənin "Radikal" qəzetinin keçirdiyi tədbirdə azərbaycanlı diplomatın "Sarı gəlin" mahnısının erməni mahnısını kimi təqdim olunmasına etiraz etməsi bir müddət müzakirə mövzusu olub. "Radikal" qəzetinin azərbaycanlı diplomatın ölkədən çıxarılması ilə bağlı tələbi "soyqırım" ərəfəsində bir müddət ermənilərə xoş gəli.b

Erməni mətbuatının yazdığına görə, İstanbulda nəşr olunan "Akos" qəzetinin baş redaktoru A.Koktaş və türk yazıcısı Ü.Kırmanca qarşı istintaq işi başlanmışdır. Onlar H.Dinkin ölümü ilə bağlı şərh verərkən Türkiyə dövlətini qatil dövlət adlandırıb.

Türkiyə məktəblilərinin 70%-nin fikrincə, ermənilər Türkiyəyə zərər vura bilər.

Türkmənistanla Ermənistan arasındakı isti münasibətlər Türkiyəni təəccübləndirir.

Ermənistan Türkiyə ilə sərhədləri açmağa ümid edir. Parlamentin spikeri O.Abramyanın fikrincə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın iqtisadi inkişafına ciddi stimul verə bilər. Xarici işlər nazirinin müavini Ş.Koçaryanın "erməni soyqırımı"na görə Türkiyəni beynəlxalq məhkəməyə verməyin vaxtının çatmadığını deməsi də diqqəti cəlb edir. Hər iki rəsminin bəyanatları "erməni soyqırımı"nın 98-ci ildönümünün qeyd olunduğu ərəfədə verildi. Rəsmi Yerevanın belə mövqeyinə Rusiyanın təzyiqlərindən yayınmaq üçün Türkiyəyə tərəf qaçmağı ehtiyat variant kimi saxladığını deməyə əsas yaradır. Mayın 5-də Yerevan şəhər şurasının seçkilərindən sonra rəsmi Yerevan Türkiyə istiqamətində qeyri-populist addım ata bilər. Bu kontekstdə rəsmi Yerevanın Qarabağ tənzimləməsi ilə bağlı bəzi mühüm sənədlərə reaksiya verməməsi də diqqəti çəkir.//musavat.com//

AzNews.az
Bağla X