Hüquq müdafiəçisi mukafatlandırıldı

Mayın 5-də hüquq müdafiəçisi Leyla Yunusa Teodor Hekker adına mərdlik və dürüstlük mükafatı təqdim olunub. O, korrupsiya, özbaşınalıq, insan hüquqlarının tapdanmasına qarşı mübarizəsinə və siyasi məhbusların müdafiəsində xidmətlərinə görə mükafatlandırılıb.

Yazıçı, filosof, faşizm əleyhinə mübariz Teodor Hekkerin (1879-1945) adını daşıyan mükafat 1995-ci ildə Almaniyada təsis olunub.

"Azadlıq" radiosunun məlumatına görə, bu gün Almaniyanın Esslingen-na-Nekare şəhərində keçirilən təqdimat mərasimində çıxış edən Leyla Yunus Azərbaycanda siyasi motivli həbslərdən danışıb: "Hazırda həbsdə olanların böyük əksəriyyəti vicdan məhbuslarıdır. Onların heç biri qanunazidd hərəkət etməyib, həbsləri siyasi sifarişdir. Bu sırada mən həmkarlarımın adını çəkə bilərəm: Hilal Məmmədov, İlham Əmiraslanov, İlqar Rzayev, Bəxtiyar Məmmədov, jurnalist Əvəz Zeynallı, müxalif fəallar İlqar Məmmədov, Tofiq Yaqublu, həmçinin fəal gənclər".

Hüquq müdafiəçisi Azərbaycanda mülkiyyət hüquqlarının pozulduğunu, söz və mətbuat azadlığına basqılar edildiyini vurğulayıb, 2005-ci ildən Bakının mərkəzində nümayiş keçirməyə icazə verilmədiyini deyib.

AzNews.az