01:08
(077) 610-22-33

Ali Məhkəmə Konstitusiya Məhkəməsinə sorğu göndərdi

  • >
397 6 May 2013 15:33 | Cəmiyyət

Ali Məhkəmə Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh olunması xahişi ilə Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ali Məhkəmə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 2.5 və 10.5-ci maddələri baxımından yuxarıda qeyd olunan maddələrin şərh olunmasını istəyir.

Mülki Məcəllənin 228.5-ci maddəsində qeyd olunur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Mənzil Məcəlləsinin 30.4-cü maddəsində isə qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Ali Məhkəmə sorğusunda qeyd edir ki, Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Mülki Məcəllə mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Mülki Məcəllə tətbiq edilir.

Həmin qanunun 10.5-ci maddəsinin tələbinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. Belə ki, Mülki Məcəllə 2000-ci ildən, yeni Mənzil Məcəlləsi isə 2009-cu ildən hüquqi qüvvəyə minib. "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanuna əsasən həmin müddəalar arasında ziddiyyət yaranır.

Sorğuya mayın 17-də Konstitusiya Məhkəməsinin Plenumunda baxılacaq.

AzNews.az
Bağla X