Ombudsman aparati həbsdəki “NİDA“çılarla bağlı açıqlama verdi

"Media forum" saytı inzibati həbs cəzası çəkən üç gəncə işgəncə verildiyi, həmçinin zorla saçlarının qırxıldığı barədə yayılan məlumatlarla əlaqədar Ombudsman Aparatına müraciət edib.

Dövlət Neft Akademiyasında terrorun dördüncü ildönümünü anmaq üçün aprelin 30-da Bakıda "Terrora yox!" şüarı ilə keçirilən aksiyaya görə tutulmuş AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və "Nida" Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər 10 sutka, "Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə 15 sutka həbs cəzası alıb. Onlar cəzalarını Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsində çəkirlər.

Ombudsman Aparatının şöbə müdiri Vüqar Məhərrəmov cavab olaraq deyib: "Mayın 7-də biz onlarla görüşmüşük. Hər üçü ilə ayrı-ayrılıqda görüşdüm. Gənclərin başlarının qırxılması Daxili İşlər Nazirliyinin 2006-cı ildə qəbul etdiyi qayda ilə bağlıdır. Həmin qaydaya görə, təcridxanaya qəbul edilərkən sanitar-gigiyena qaydalarına riayət olunmalı, təmizləmə işləri aparılmalıdır.

Yeməyin qəbulu ilə bağlı problemlərin olduğu barədə mənə hüquq müdafiəçisi Novella Cəfəroğlu müraciət etmişdi. Tapşırıq verdik, onlara verilən sovqat qəbul olundu. Gənclərin 4 gündür yemək ala bilməmələrinə gəlincə, onların mənə belə bir şikayətləri olmadı. Yemək sarıdan korluq çəkməyiblər. Onlara dövlət hesabına gündə üç dəfə yemək verilir.

Vəkillərinin onların yanına buraxılmamasından narahat idilər. Vəkil Əsabəli Mustafayevlə əlaqə yaratdım. O bildirdi ki, fəallarla müqavilə bağlaya bilmədikləri üçün onların yanına gedə bilmirlər".

"Azad Gənclik" Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənli isə deyib ki, işgəncə xəbərləri doğrudur: "Əldə etdiyimiz məlumata görə, gənc fəalları ayrı-ayrı kameralarda saxlayırlar. Onlara gündə bir dəfə yemək verilir. Oxumağa kitab, qəzet vermirlər. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları bu müddətdə iki-üç dəfə Bakı Şəhər Baş Polis İdarəsinin Binəqədidəki məntəqəsinə gələrək gənclərlə kobud, təhqiramiz rəftar ediblər. Gənclərin hər biri fiziki təzyiqə məruz qalıb. Onların saçlarını da sırf təzyiq məqsədilə qırxıblar".

AzNews.az