Mir Şahinlə Eynullanın “Baksovet”də görüşməsi

Əziz Rzazadə

Sosial şəbəkələrin qanunun nəzarətinə düşməsi çoxunun canına birə salıb. "Ay haray, senzura facebook-a da gəlib çıxdı!"

Özü-özlüyündə bu həyəcan gülməlidir. Çünki ağlı olan bilməlidir ki, internet var-yoxdur, özü öz davranışına diqqət yetirməli, özünə rəva bilmədiyini başqasına qarşı etməməlidir; ən nəhayət, söyüş söymə zəif iradəli və zehni sağlamlığı şübhəli adamlara xas keyfiyyətdir.

İkinci tərəfdən, qanunverici təşəbbüsdə bulunanlar nə etdiklərinin fərqində deyil: internetdə şərəf və ləyaqətin təhqir olunması necə isbatlanacaq? Sanki internetdə xüsusi bir sayğac-ələk var: təhqir yazılan kimi qeydə alacaq...

Tutalım, kimsə kiminsə haqqında bir hədyan söylədi. O biri də onu print edib tutarqaya çevirdi. Bu, nəyi isbatlayır ki? Nəyə sübut ola bilər ki?
İttihamlanan şəxs yüz əks-dəlil gətirə bilər: parolum sındırılıb, səhifəmə qanunsuz giriş olub, yaxud ən sadə üsul – statusu silmə...

ANS-də Elbrus Ərud-Eynulla Fətullayev duelinə qulaq kəsdirəndə bütün bu yazdıqlarımı ani olaraq beynimdən keçirdim. Və sonra özüm-özümə dedim ki, əslində bu iki şəxs ekrana heç də haqqı haqsızlıqdan ayırmaq üçün çıxmayıb. Burda məqsəd-məram başqadır. Amma əsas məsələ: ekrana çıxan ANS-in "Bədbəxt adam" adlandırdığı şəxsdir...

Axı dünənə kimi məhz onun internet səhifəsində yazdığı özünə qarşı ittihama çevrilmişdi. Axı məhz internetdə yazdığına görə ANS də onu məhşərə çəkmişdi. Bəs birdən-birə nə oldu? Niyə Eynulla Fətullayev ciddi bir opponent kimi ANS-ə dəvət aldı. Yəni ANS artıq "Bədbəxt adamlar" üçün də ağlayır...

Elbrus Ərudu heç anlamadım. Sözündən belə çıxır ki, ümumiyyətlə internet varmı-yoxmu, kimsə kimisə təhqir elədisə, gərək əks tərəf o biri tərəfə çox sağ ol deyə. Məsələn, təxminən bu cür: "Sənin...!" "Çox sağ ol, qaqa, Allah razı olsun!"

Ya da vaqeə tam əksinə ola: Eynulla Fətullayev Mir Şahini "Baksovet"ə çağıra: "Gəl orda aydınlaşdıraq "Bədbəxt adam" kimdi..."

Vallah bu biçarə Vətən bəzən mənə o qədər əcaib-qəraib görünür ki!
Lap elə bizim deputatların Qarabağa Ermənistandan gedən Avroparlament deputatlarını söyməsi kimi...

Mirzə Fətəli Axundzadənin müsyo Jordanı da Qarabağa elə bugünkü Ermənistan ərazisindən gəlmişdi. Gəlin onu da söyək.... Ümumiyyətlə sizə deyim ki, bu dahi klassikimiz ən azı coğrafiyanı çox pis bilirmiş. Çünki divlərin Parisi dağıtması haqqında xəbəri alan kimi tez borca at alıb Araz çayını keçir. Başa düşmək olmur ki, Fransaya qayıdan müsyo Jordan ağa niyə yolunu Arazın o tayına, yəni İrana salır...

Mirzə Fətəlinin bisavadlılığana daha bir sübut – "Lənkəran xanının vəziri" əsəri. Çünki komediyanın ilkin adı "Sərab xanının vəziri"dir. Əsər bu adla çap olunub və tamaşaya qoyulub. Yalnız əsəri farscaya çevirən İranlı tərcüməçi aşkarlayıb ki, Sərab bölgəsi Xəzər dənizi ilə heç bir bağlılığa malik deyil – aralarında yüz kilometrlərlə məsafə var. Yəni Sərab xanı qayıqda dəniz səyahətinə çıxa bilməzdi. Bunu Mirzə Fətəliyə çatdırdıqdan sonra müəllif tərcüməçiyə komediyanın adında düzəliş etməyi tapşırır. Daha doğrusu, tərcüməçinin seçdiyi adla razılaşır: beləliklə, "Sərgüzəşti vəziri xani-Sərab" dönüb olur "Sərgüzəşti vəziri xani-Lənkəran".

Azərbaycan cəmiyyətində bu cür dəyişmələr, metamarfozalar əfsus ki çoxdu! Elə Mirzə Fətəli sayağı...

AzNews.az