Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalı təsis edilib.

Trend-in məlumatına görə, Azərbaycan Preidenti İlham Əliyev "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununu imzalayıb.

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə "Azərbaycan Polisinin 90 illiyi" yubiley medalı;" sözlərindən sonra "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" yubiley medalı" əlavə edilib.

Bundan əlavə, dövlət başçısının imzası ilə "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və həmin medalın təsviri təsdiq edilib.

Əsasnaməyə görə, "Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları, veteranları, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

"Azərbaycan Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

Medalın ön tərəfində iki dairə əks olunur. Birinci dairədə yuxarı qövs boyunca "AZƏRBAYCAN POLİSİNİN", aşağı qövs boyunca "95 İLLİYİ" sözləri həkk olunub, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, yuxarı hissədə çələngin birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə cələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilib.

Medalın arxa tərəfi hamardır, üzərində "AZƏRBAYCAN POLİSİ", "95 il", "1918 - 2013" sözləri həkk olunmuşdur. "95 il" sözləri aşağı hissədən sünbüllərlə əhatələnib.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü, düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüş, qırmızı rəngli zolağın kənarlarında şaquli istiqamətdə 1 mm enində ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan, üzərində aypara ilə səkkizgüşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.

Medala eyni xara lentdən üz çəkilmiş, paltarın yaxasına bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

AzNews.az