Hərbi prokuror: “Hərbidə psixoloq ştatlarına ehtiyacı var“

Ölümün səbəbindən asılı olmayaraq hər bir əsgər ölümü faktı ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılır, istintaq aparılır və ilkin informasiya ictimaiyyətə açıqlanır, amma sonrakı nəticələri isə məhkəmədən əldə oluna bilər.

Bunu jurnalistlərə hərbi prokuror Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, hərbi hissədə cinayət əməlləri edən şəxs Hərbi Prokurorluq tərəfindən məhkəmə məsuliyyətinə cəlb olunur:

"Valideynlərin hərbi hissədə baş verən intihar halları ilə bağlı narahatçılığını təbii qarşılamaq lazımdır. Çünki heç kəs razılaşmır ki, onun övladı intihar edib, amma bu, faktdır və bu valideynləri işin istintaqı başa çatandan sonra bütün materiallarla tanış edirik və onlar da intihar faktı ilə razılaşırlar. Bəzən məişət problemləri və digər səbəblərdən də intihar halları baş verir, yəni bunun hamısı xidmətlə bağlı deyil".

Sözsüz ki, hərbi xidmətdə hər bir ölüm faktı faciədir.

Vəliyev bildirib ki, Azərbaycanın hərbi xidmətdə psixoloq ştatlarına ehtiyacı var, biz də bu məsələyə müdaxilə etmişik, çünki bunsuz mümkün deyil:
"Nəzərə alınmalıdır ki, xidmət şəraiti gərgindir. ABŞ ordusunda hər yüz min nəfərə görə baş verən intihar hadisələrinin sayı Azərbaycan ordusu ilə müqayisədə 2-3 dəfə çoxdur, halbuki ABŞ hərbisində əsgərlərin tam əksəriyyəti muzdludur. İntihar hadisələri dünyanın hər bir ordusunda var, sadəcə olaraq mülki həyatda baş verən hadisələr cəmiyyətdə o qədər də diqqəti cəlb etmir".

Hərbi prokuror bildirib ki, intihar hallarının qarşısını almaq üçün yalnız qanunun qüvvəsindən istifadə etmək yetərli deyil:

"Orduda psixoloq ştatları və digər tədbirlər görülməlidir. Hər kəs ordudan çox şey istəyir, amma cəmiyyət üzvləri bu məsələdə yetərli aktivlik göstərmir".

Xəstə əsgərlərin hərbi xidmətə cəlb olunması ilə bağlı sualı cavablandıran Xanlar Vəliyev təəssüflə bildirib ki, belə hallar istisna təşkil etsə də var. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən eyni zamanda kütləvi şəkildə insanlar hərbi xidmətə çağrılır və bəzi hallarda hərbi tibbi komissiyalar tərəfindən səhlənkarlığa da yol verilir:

"Bununla bağlı həm Xidmət, həm də Hərbi Prokurorluq tərəfindən zəruri tədbirlər görülür, lazım gələrsə cinayət işi başlanılır. Müdafiə Nazirliyinin əmrinə əsasən əsgər hərbi xidmətə gəldikdən sonra ilk aylar ərzində onun daha dəqiq müayinəsi aparılır və bunun nəticəsi olaraq onlarla şəxslər xəstəliyinə görə mülki həyata qayıdır. Elə faktlar da olur ki, gənc sağlam hərbi xidmətə gəlir, özünə diqqətsizlik edir, özünü qorumur, xəstələnir və bu da bəzən çox ciddi nəticələrə gətirib çıxarır".

Hərbi prokuror deyib ki, Azərbaycanda faktiki olaraq ordu quruculuğuna başlanılıb:

"1992-ci illə müqayisədə silahlı birləşmələrdə törədilmiş cinayətlərin sayı 100 və 1000 dəfələrlə azalıb. 20 ildə ölüm halları isə ən azından iki dəfə azalıb. Bu gün Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halı yoxdur".

AzNews.az