"Cəmiyyət və millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməliyik" "Cəmiyyət və millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməliyik"

Fazil Mustafa KİV-ə müraciət etdi

"Cəmiyyət və millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməliyik"




Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa 20-28 may tarixlərinin Azərbaycanda "Nuru Paşa Həftəsi" kimi qeyd olunması ilə bağlı KİV-ə müraciət edib.

Müraciətdə mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 95 illiyinin tamam olduğu xatırladılır: "Bu il həm də Azərbaycanın xilaskarı Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 95 illiyidir. Azərbaycanın müstəqillik tarixini Qafqaz İslam Ordusunun qəhrəmanlıq tarixindən ayrıca qeyd etmək mənəvi bir yanlışlıq sayıla bilər. Prezidentə göndərdiyimiz müraciətə hələ ki, cavab verilməyib. Buna baxmayaraq, cəmiyyət və millət olaraq öz qəhrəmanımıza sahib çıxmaq iradəsini davam etdirməliyik. Odur ki, bütün media quruluşlarına, sayt rəhbərlərinə, səlahiyyəti olan və ya olmayan qələm əhlinə, sosial şəbəkədə aktiv olan insanlara, hətta bizə xoş münasibəti olmayan iqtidarlı-müxalifətli bütün vətəndaşlara müraciət edirəm. Gəlin 20-28 may tarixlərini bütün Azərbaycanda "Nuru Paşa Həftəsi" olaraq qeyd edək. Bu həftə müddətində bu milli qəhrəmanımızla, eləcə də Qafqaz İslam Ordusunun qəhrəmanlığı ilə bağlı maraqlı nə varsa, dərc edək, paylaşaq, müzakirələr açaq, çəkilmiş filmlərin bütün mümkün elektron informasiya vasitələrində nümayişini gerçəkləşdirək, tarixi fotoları və rəsm əsərlərini səhifələrimizdə yerləşdirək, orta və ali məktəblərdə müəllimlər könüllü şəkildə dərs saatlarında tarixin bu dövrünü doğru-dürüst övladlarımıza çatdırsın. Öncə bu yazılara görə xüsusi mükafat təsis etmək düşünülsə də, sonra bir səbəbdən bunu gerçəkləşdirmək istəmədik. Nuru Paşa öz əsgərləri ilə millətimizi və vətənimizi təmənnasız xilas edib, bizim də onun ruhu qarşısında borcumuzu yerinə yetirməmiz təmənnasız olmalıdır".

F.Mustafa qeyd edib ki, "Nuru Paşanı tanıyaq və halallıq alaq!" kampaniyası bir mənəvi hərəkat olaraq uzun müddət davam edəcək: "Əminəm ki, Nuru Paşa obrazını içində yaşadan Azərbaycan gənci bu ölkəni düşməndən təmizləmənin yolunu mütləq tapacaq. Ən çıxılmaz durumda belə bu nümunə insanımıza fərqli bir duyğu aşılayacaq".

AzNews.az