06:53
(077) 610-22-33

Azərbaycanla Türkiyə arasında protokol imzalandı

  • >
237 11 May 2013 11:45 | Cəmiyyət

Müdafiə Sənayesi Nazirliyinin (MSN) "IDEF-2013" sərgisində nümayiş etdirdiyi müdafiə təyinatlı məmulatlar böyük maraqla qarşılanıb.

MSN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçirilən "IDEF-2013" XI Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

İki ildən bir keçirilən bu sərgidə Müdafiə Sənayesi Nazirliyi üçüncü dəfə iştirak edib.

İlk dəfə "IDEF-2009"-a 27 adda məmulatla qatılan MSN budəfəki sərgidə 130 adda müdafiə təyinatlı məmulatla təmsil olunub.

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olub.

"IDEF-2013" sərgisində ilk dəfə olaraq 7,62x51 mm-lik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 mm-lik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, pilotsuz uçuş aparatları və digər məmulatlar nümayiş etdirilib.

Nümayiş etdirilən məmulatlardan "Yalquzaq", "İstiqlal", "Mübariz" snayper tüfəngləri, hücum pulemyotu, "Gürzə" patrul maşını, müxtəlif növ döyüş sursatları sərgidə təmsil olunan və qonaq qismində qatılan ölkələrin nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iki ölkə arasında digər sahələrdə olduğu kimi müdafiə sənayesi üzrə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb. İsmət Yılmaz bu əməkdaşlığın hər iki ölkənin ordusunun güclənməsinə xidmət edəcəyini bildirib.

Müdafiə sənayesi naziri Yavər Camalov Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi üzrə yeni əməkdaşlığın yaradılmasına dair birgə layihələrin hazırlandığını bildirib.

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi üzrə mövcud olan əməkdaşlığın müvafiq sahələrdə genişləndirilməsinə dair niyyət protokolu imzalanıb. Protokolu Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Yavər Camalov, Türkiyə tərəfindən isə Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi katibi Murad Bayar imzalayıblar.

Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edənlərdən İtaliya, Polşa, Cənubi Afrika, Serbiya və digər ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlığın inkişafına dair danışıqlar aparılıb və ümumi razılıqlar əldə edilib.

MSN-in stendini ziyarət edənlər arasında Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub.

Tədbir zamanı nazirliyin nümayəndələri sərgiyə qatılan ölkələrin nümayəndə heyətlərinə gələn il Azərbaycanda keçiriləcək "ADEX-2014" Beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı ətrafı məlumatlar verib və dəvətlər çatdırıblar.

Qedy edək ki, artıq bir neçə ölkə "ADEX-2014" sərgisində iştirak edəcəyini təsdiq edib.

AzNews.az
Bağla X