Qurum seçkiyə İlqar Məmmədovla gedəcək Qurum seçkiyə İlqar Məmmədovla gedəcək

REAL Hərəkatı Milli Şuradan imtina etdi

Qurum seçkiyə İlqar Məmmədovla gedəcək




REAL Hərəkatı Milli Şura yaranacağı təqdirdə bu qurumda təmsil olunmayacaq. Bu barədə AZNEWS.AZ-a hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib.

O, bildirib ki, hərəkat daxilində Milli Şura ilə bağlı ciddi müzakirələr olub və səsvermədən sonra şura təsis ediləcəyi təqdirdə quruma qoşulmamaq qərarına gəliblər. N.Cəfərli onu da qeyd edib ki, bu qərar yalnız indiki mərhələyə aid edilə bilər, qarşıdakı aylarda situasiyadan asılı olaraq, hərəkat qərarını yenidən müzakirəyə çıxara bilər.

Hərəkatın icra katibi bu qərara gəlməklərinin səbəbləri barədə də danışıb: "Səbəbi çox bəsitdir: təməl şərtlərin, üzvlərin seçilməsinin, qırmızı cizgilərin bəlli olmadığı, qərar qəbuletmə mexanizmlərinin öncədən razılaşdırılmadığı, açıqlanmış proqram, platforma və bunları həyata keçirəcək komandanın məlum olmadığı və ən əsası, bütün sənədlərin öncədən imzalanaraq xalqa açıq elan edilmədiyi bir şəraitdə Milli Şurada iştirakımız, bu şərtlərlə və bu mərhələdə məqbul deyil".

Hərəkat nümayəndəsi deyib ki, bütün bunlara baxmayaraq, əgər Milli Şura yaradılacaqsa, indidən quruma uğurlar arzu edirlər:

"Arzu edirik ki, tam səmimi və yararlı bir qurum ortaya çıxsın. REAL Hərəkatının qərarı öz proqram, platforma və komandası, namizədi İlgar Məmmədovla seçkiyə getməkdir. Biz namizədimizin qeydiyyatına və seçkidə qələbəsinə əzmlə çalışacağıq. Amma böyük birlik alınacaqsa, vahid namizəd müəyyən ediləcəksə, İlqar Məmmədovun namizədliyi qeydə alınsa belə, xalqın gələcəyi naminə, seçkiyə 10 gün qalmış REAL Hərəkatı vahid namizədin xeyrinə öz namizədini geri çəkə bilər. Bu addımı heç də komandada təmsil olunmaq üçün atmayacağıq, təki müxalifətin namizədi bu seçkidə qalib gəlsin, Milli Şura hakimiyyətə gələrsə, biz də ölkədə Ana müxalifət işini öz üzərimizə götürərik, yəni, iddiamızı geri götürməklə, heç bir tələbdə olmayacaq, vahid namizədlə heç bir vəzifə sövdələşməsi aparmayacağıq".

Anar Gəraylı
AzNews.az