Leyla Əliyeva: “Fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir“

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda "Yer kürəsi uşaqların gözü ilə" gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb.

İDEA-nın təsisçisi Leyla Əliyeva "Yer kürəsi uşaqların gözü ilə" devizi altında keçirilən gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında iştirak edib.

Mayın 14-dək davam edəcək festival və sərgi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.

Əvvəlcə gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qrafit sərgisi ilə tanışlıq olub. Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.

Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən Leyla Əliyeva sərginin əhəmiyyətindən danışıb:

"Əziz dostlar! Bugünkü sərginin mövzusu - "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" fotoqraflara təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradır. Dünyanın istedadlı gəncləri "Yer kürəsi uşaqların gözü ilə" sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaq. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər – bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyildir".

Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olunub.

Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə "Reuters", "Polka" jurnalı, "National Geographic", "Associated Press" və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.//AzerTAc//

AzNews.az