19:36
(077) 610-22-33

Gəlin və qayınatanın evi: mübahisə necə həll edilməlidir?

  • >
411 13 May 2013 09:16 | Cəmiyyət

Bir çox hallarda mülkiyyətçiyə məxsus mənzilə onun ailə üzvlərindən başqa, digər şəxslər də (məsələn gəlin) də köçür. İllər sonra ailə-nikah münasibətləri pozulanda tərəflər arasında mübahisələr yaranır. Bir qayda olaraq boşanma zamanı gəlin özünün və uşaqlarının mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbini irəli sürür.
Bəs hansı hallarda həmin şəxslərin mənzildən istifadə hüququ var, onların bu hüququna xitam verildiyi halda kompensasiya ödənilməlidir?

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquqşünası, vəkil Dünyamin Novruzov bildirib ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsinin 3 mərhələsini fərqləndirmək lazımdır.

Birincisi, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123-cü maddələrinin tələblərinə görə baxılır.

53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Vəkilin sözlərinə görə, gəlin qayınatasının evinə (ev xüsusi mülkiyyətində və ya order əsasında icarəsində ola bilər) 1999-cu ildə köçübsə, onda onun ailə üzvü kimi yaşayış sahəsindən istifadə hüququna malikdir.

Novruzov deyir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ildən, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minəndən sonra yaranmışdırsa, onda belə münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələrinin tələblərinə uyğun baxılır.

Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış sahəsindən istifadə hüququnun yaranmasının müqavilə əsasını müəyyənləşdirir. Belə ki, həmin maddəyə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
Lakin Mülki Məcəllənin 228.5-ci maddəsi isə yaşayış sahəsindən istifadə hüququnun qanun əsasını nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (gəlinin və ya kürəkənin) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə
mindiyi gündən yaranır.

"Beləliklə, mənzilin mülkiyyətçisinin ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəlir və bunun üçün mənzilin mülkiyyətçisi ilə ailə üzvləri arasında müqavilənin bağlanması tələb edilmir. Digər şəxslərin (məsələn, qayınatanın evinə gəlin köçmüş gəlinin) istifadə hüququndan danışa bilmək üçün onunla mülkiyyətçi arasında notariat qaydasında təsdiqlənən müqavilə bağlanmalı və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmalıdır. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir", o deyib.

Üçüncü mərhələ isə yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi Mülki Məcəllədən fərqli qaydanı müəyyənləşdirir.

Novruzovun sözlərinə görə, həmin Məcəllənin 30.1-ci maddəsinə görə
yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

Beləliklə, yaşayış sahəsi mülkiyyətçisinin arvadı (əri), habelə onun uşaqları və valideynləri, mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülmüş digər qohumlar və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların istifadə hüququ qanundan, yəni qeyd olunan maddədən irəli gəlir.

Yeni Mənzil Məcəlləsi əvvəlki Mənzil Məcəlləsi və Mülki Məcəllədən fərqli bir qayda müəyyənləşdirmişdir. Belə ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü (məsələn gəlin) arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Qeyd edək ki, Mülki Məcəllənin 228.5 və Mənzil Məcəlləsinin 30.4-cü maddələri arasında müəyyən uyğunsuzluq vardır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Mənzil Məcəlləsinin 30.4-cü maddəsi isə əgər yaşayış sahəsinin
mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığını təsbit edir.

Ali Məhkəmə bununla bağlı Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmişdir. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə bu məsələyə aydınlıq gətiriləcəkdir.

Vəkil yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə praktikasının kifayət qədər fərqli olduğunu deyir.

Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Vəkilin sözlərinə görə, qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, kompensasiyanın məbləği məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı və ya mübahisə halında, məhkəmə qaydasında müəyyənləşdirilir.

Kompensasiyanın məbləğinin hesablanmasının meyarlarına dair qanunda konkret göstəriş yoxdur, bu isə məhkəmə təcrübəsində müxtəlif kompensasiya məbləğlərinin təyin edilməsi ilə nəticələnmişdir.

Vəkilin sözlərinə görə, kompensasiya məbləği müəyyənləşdirilməsi zamanı məhkəmə işin hallarından çıxış edəcəkdir. Məsələn, evin tam və ya paylı mülkiyyətdə olması, yaşayış sahəsindən istifadə hüququ olan şəxslərin sayı, kompensasiya ödənilən şəxslə mülkiyyətçinin münasibətləri, birgə yaşamanı qeyri-mümkün edən səbəblər, kompensasiya ödənilən şəxsin başqa yaşayış yerinin olub-olmaması, yaşayış evinin sahəsi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, mülkiyyətçi və kompensasiya ödənilən şəxsin maddi vəziyyəti və s.

Novruzovun sözlərinə görə, bəzən vətəndaşlar mənzildə qeydiyyatda olmalarını əsas gətirərək həmin mənzildən istifadə hüquqlarının olduğunu irəli sürürlər.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Şəxs ailə qurması əlaqədar yaşayış yerini dəyişdirdiyindən və daimi yaşamaq üçün ərinin valideynlərinə məxsus mənzilə köçdüyündən, həmin mənzil üzrə qeydiyyata alınması qanunvericiliyin tələbindən irəli gəlir. Bu baxımdan, qeydiyyat həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi çıxış edə bilməz" deyə vəkil vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X