Xalidə Xalidin oğlu: “Bizə anamla bağlı heç bir xəbər vermirlər“

İranda casusluqda ittiham olunaraq həbs edilən azərbaycanlı elmi işçi Xalidə Xalidin ailəsi onun həyatının təhlükədə olmasından narahatdır. Bu barədə Modern.az-a alimin oğlu Xalid Məmmədli məlumat verib. Rəsmi qurumlara saysız-hesabsız müraciətlər etdiyini deyən X.Məmmədli anasının sağ olub-olmamasından nigarandır.

X.Məmmədlinin sözlərinə görə, Azərbaycanın Təbrizdəki Konsulluğu və Xarici İşlər Nazirliyi ilə hər gün əlaqə saxlasa da, rəsmi qurumlar onlara yalnız təsəlli verməkdən başqa heç nə etmir.

"Anamın həbs olunmasından günlər keçsə də, heç bir yenilik yoxdur. Müraciət etmədiyimiz yer qalmayıb, bizə anamla bağlı heç bir xəbər vermirlər. Çox narahatıq. Sonuncu dəfə ötən həftə Konsulluqla əlaqə saxladıq. Bildirdilər ki, "Narahat olmayın, iş gedir. Hər şey yaxşı olacaq". Hamı söz verir, amma ortada konkret nəticə yoxdur. Heç olmasa bizə anamın səhhətinin yaşxı olduğunu desinlər, rahat olaq".

Azərbaycanın Təbirzdəki Konsulluğu ilə əlaqə saxlanılıb. Konsulluqdan bildirilib ki, məsələ ilə bağlı rəsmi açıqlama yalnız Xarici İşlər Nazirliyi tərəfindən veriləcək, alimin həbsi ilə bağlı araşdırmaların isə davam etdirilir.

Xarici İşlər Nazirlindən isə hadisə ilə bağlı yeni bir açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid aprelin 30-da Təbrizdə İran xüsusi xidmət orqanları tərəfindən həbs olunub. İran tərəfi alimi casusluqda ittiham edib. Hazırda Azərbaycanın diplomatik nümayəndəliyi rəsmi Tehranla bu istiqamətdə danışıqlar aparır.

AzNews.az