“Əsas səbəb qeyri-qanuni səhiyyə biznesi sistemi ilə bağlıdır“

Son zamanlar Azərbaycan vətəndaşlarının müalicə üçün İrana axını artıb. Həkimlərin sözlərinə görə, bunun səbəbi İranda əməliyyatların və müalicənin Azərbaycandan xeyli ucuz olmasıdır. Qeyri-rəsmi məlumatlara görə, Astara sərhəd-keçid məntəqəsindən İrana keçən hər 100 nəfərdən 90-nı qonşu öllkəyə məhz müalicə üçün üz tutanlardır. Bundan əlavə, ayrı-ayrı iranlı həkimlər də ayda bir neçə dəfə Bakıdakı özəl klinikalarla müqavilə əsasında xəstə qəbul edirlər. Burada cərrahiyyə əməliyyatları aparırlar.

Müalicə üçün qonşu ölkənin tibb işçiləriə müraciət edən soydaşlarımız deyirlər ki, son vaxtlar artıq İran həkimləri də pasientlərilə Azərbaycan həkimləri kimi davranırlar. Yəni bizim "adətlərə" vərdiş edəndən sonra iranlı həkimlər də azərbaycanlıları elə Azərbaycansayağı qəbul edirlər. Müayinədən sonra İran həkimləri də hörmət əlaməti olaraq ciblərinə pul basılmadığını gördükdə növbəti dəfə pasiyentinə candərdi yanaşırlar. Bəzi soydaşlarımız deyirlər ki. iranlı həkimləri elə bizimkilər pis öyrədiblər..

Millət vəkili Musa Quliyev hesab edir ki, xəstələrin kütləvi şəkildə qonşu İrana üz tutmasının ilk səbəbi yerli həkimlərə inamın az olmasından irəli gəlir. Deputatın sözlərinə görə, ikinci səbəb İranda müalicənin ucuz başa gəlməsidir:

"Amma deyə bilərəm ki, pasiyentlərimiz hər iki halda yanılırlar. Azərbaycanda son illərdə səhiyyədə aparılan islahatlar nəticəsində İrandakından da daha yaxşı maddi –texniki bazası olan klinikalarımız açılıb. Həm müasir diaqnostika aparatları, həm də bunları işlədə bilən kadrlarımız kifayət qədərdir. Sadəcə olaraq 90–cı illərin ənənəsi davam edir. Fikirləşirlər ki, bunu Azərbaycanda bilməyəcəklər, yaxşı müalicə etmirlər və s. İşin başqa bir tərəfi isə İranda tibbi xidmətlərin əlçatanlığı bizə nisbətən ucuz olmasıdır. Ola bilsin ki, bu da müəyyən təsir edir. Ona görə də icbari sığorta mütləq tətbiq olunmalıdır. Bu tətbiq olunandan sonra insanların başqa ölkələrə üz tutmağa ehtiyac qalmayacaq".

Millət vəkili iranlı həkimlərin xəstələrini Azərbaycansayağı yola salmalarına da münasibət bildirib. Onun sözlərinə görə, bunun əsas səbəbi qeyri-qanuni səhiyyə biznesi sistemi ilə bağlıdır.

"Buradakı bəzi həkimlər və ya İranın burada müəyyən klinikaları məqsədyönlü şəkildə istiqamətləndirilir. Bütün bunlar isə "qara biznes"in də formalaşmasına şərait yaradır".//modern.az//

AzNews.az