Hədələnən jurnalist dövlət başçısına teleqram vurub - TAM MƏTN Hədələnən jurnalist dövlət başçısına teleqram vurub - TAM MƏTN

“Yeni Müsavat” qəzeti prezidentdən kömək istəyir

Hədələnən jurnalist dövlət başçısına teleqram vurub - TAM MƏTN



"Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan ona gələn saysız telefon hədələri ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Bu barədə "musavat.com"a A.Ayxan özü məlumat verib. Mayın 13-də dövlət başçısına ünvanlanan müraciətdə deyilir:

"Mən 12.05.2013-cü il tarixdən etibarən müxtəlif mobil telefon nömrələrindən daxil olan zənglərlə naməlum şəxslər tərəfindən təhdid və təhqirlərə məruz qalıram. 12.05.2013-cü il tarixdə saat 21:00 radələrindən başlayaraq (050) 648 02 02, (055) 872 73 56 və (051) 540 32 32 nömrəli telefonlardan mənə məxsus (050) 214 04 33 nömrəli mobil telefona təhdid və təhqir dolu zəng və mesajlar gəlir. Zəng edən və mesaj yazan şəxs, yaxud şəxslər "Yeni Müsavat"da Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev haqda yazılara son qoymağı, E.Vəliyevdən "əl çəkməyimizi" tələb edirlər".

Baş redaktorun müavini müraciətində xatırladıb ki, 22 illik jurnalist və 8 illik redaktor fəaliyyətim dövründə ilk dəfədir bu cür psixoloji təzyiqə və mənəvi terrora məruz qalır: "Respublikanın ən nüfuzlu və tirajlı qəzetinə, onun rəhbər şəxsinə qarşı açıq şəkildə bu cür təzyiq göstərilməsi, ölümlə hədələnməsi, ağır formada təhqir olunması hər şeydən öncə ölkəmizin imicinə ağır zərbə vurur".

A.Ayxan bu prosesin daha pis məcraya yönəlməsinin qarşısını almaq üçün dövlət başçısına müraciət etdiyini qeyd edərək problemin həllinin vacib olduğunu vurğulayır: "Məni və redaksiyamızın digər əməkdaşlarını təhqir edən, şəxsiyyətini alçaldan, ölümlə hədələyən bu şəxslərin tezliklə tapılaraq qanunla cəzalandırılması məqsədilə müvafiq tədbirlərin görülməsi barədə göstəriş verməyinizi xahiş edirik".
Qeyd edək ki, may ayının 12-də saat 21.10 radələrindən etibarən "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın mobil nömrəsinə 050 648 02 02, 055 872 73 56 və 051 540 32 32 nömrələrindən zənglər gəlməyə başlayıb. Birinci nömrənin sahibi Azər Ayxana zəng edərkən deyib ki, onda Gəncə şəhəri ilə bağlı mareriallar var və onu redaksyaya təqdim etmək istəyir. Bu sözdən sonra zəng edən şəxs A.Ayxanın, o cümlədən qəzet kollektivinin ünvanına təhqiramiz söyüşlər deməyə başlayıb.

Həmin şəxs bundan sonra həmin nömrədən A.Ayxanın ünvanına təhqiramiz sözlərlə dolu mesaj yazıb. 055 872 73 56 nömrədən də A.Ayxanın ünvanına hədə dolu mesajlar gəlməyə başlayıb. Daha sonra bu telefon nömrələrinə 051 540 32-32 nömrəli abonent də qoşulub. O da jurnalisti biədəb söyüşlərlə təhqir edib.

Azər Ayxan "musavat.com"a açıqlamasında qeyd edib ki, bu danışıqdan sonra artıq onda söyüş və təhqirlərin arxasında E.Vəliyevin dayandığına dair heç bir şübhə yoxdur: "Onlar elə bilirlər ki, bu yolla bizə təsir göstərə, barələrində yazılmasının qarşısını ala biləcəklər. Ancaq əksinə oldu, onlar artıq öz-özünə sönməkdə olan ocağın üstünə benzin çilədilər".

Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin son saylarında Gəncənin icra başçısı Elmar Vəliyev haqqında silsilə yazılar dərc olunub. Həmin yazılarda E.Vəliyevin idarəçilikdə yol verdiyi bəzi qanunsuzluqlar əksini tapıb. Redaksiya rəhbərliyi bu səbəbdən baş verənlərin arxasında böyük ehtimalla şəxsən E.Vəliyevin və onun çevrəsinin dayandığını güman edir.

AzNews.az