03:23
(077) 610-22-33

“Ata, sən donuzsan“

  • >
262 13 May 2013 20:10 | Cəmiyyət

Seymur Verdizadə


Səmanın dünyaya gəlişi gəlinlə qaynana arasındakı narazılığı daha da gücləndirmişdi. Sevda xanım bir həftə sonra körpəsini xəstəxanadan çıxarıb evə gətirəndə, qayınanası onun üzünə bozarmışdı: "Beşini yox, lap on beşini də doğsan, yenə bu evdə gəlin ola bilməyəcəksən".

Sevda xanım yuvasını qorumağın xatirinə qayınanasının sözünü qulaqardına vurmuşdu. Gəlininin bu hərəkəti Abuzər arvadı daha da qəzəbləndirmişdi. O, "Qayınana" filminin məşhur qəhrəmanı kimi ayağını yerə vuraraq, belə demişdi: "İki dünya bir olsa da, səni boşatdıracağam".

Əjdər anasından qorxduğu üçün sonbeşiyini heç vaxt sevib-əzizləyə bilmirdi. Çoxuşaqlı ailənin bütün qayğısı onun çiynində olduğundan onsuz da işdən başı açılmırdı. Eyni evdə yaşasalar da, Səma heç vaxt ata nəvazişi görməmişdi. Abuzər arvad nəvələrinə də Səma ilə oynamağı qadağan etmişdi. Bu üzdən özündən böyük qardaş və bacıları da həmişə Səmaya qarşı etinasız olurdular. Vaxtının çoxunu ev işlərinə həsr edən anasının sevgisi isə balaca Səmaya bəs etmirdi.

Tale heç vaxt Səmanın üzünə gülmədi. Dörd yaşı olanda o, qaynar su ilə dolu olan çaydanı üstünə aşırıb, özünü yandırdı. Anasının haray-həşir salmasına baxmayaraq, heç kim Səmanı xəstəxanaya aparmadı. Abuzər arvad öz anasından öyrəndiyi üsulla uşağı sağaltmağa çalışsa da, qızcığazın vəziyyəti getdikcə ağırlaşırdı. Sevda xanım nə qədər çalışsa da, həyat yoldaşını yola gətirə bilmirdi ki, uşağı xəstəxanaya aparsın. Abuzər arvad oğlunu inandırmışdı ki, Səmanı sağaldıb ayağa qaldıracaq. Anasının sözündən çıxmağa Əjdərin cəsarəti çatmırdı...

Üç gün tamam olanda Səma gözlərini yumdu. Uşağın yuxuya getdiyini zənn edən böyüklər bir qədər rahat nəfəs aldılar. Gözünün acısını almaq üçün hərə bir tərəfə çəkildi. Üç saat sonra Səma atasını səslədi. Ev əhli dərhal onun başının üstündə cəm oldu. Qızının dilindən öz adını eşidən Əjdər onun qarşısında diz çöküb, uşağın toppuş əllərini ovcunun içinə aldı. Səma çətinliklə kirpiklərini bir-birindən ayırıb, atasının üzünə baxdı. Evə dərin sükut çökmüşdü. Səma əlini atasının əlindən çəkib, güclə bu sözləri deyə bildi: "Ata, sən donuzsan". O, bu sözləri deyəndən sonra əbədi olaraq gözlərini yumdu...

Məni Sevda xanımla ötən həftə bir qohumum tanış etdi. Səmanın başına gələnləri eşidəndə özümü saxlaya bilməyib, uşaq kimi ağladım. Qohumum məni sakitləşdirəndən sonra dedi: "Allah-Təala bu zülmü götürmədi. Əjdər layiq olduğu cəzanı aldı".

Dərhal soruşdum: "Əjdəri tutdular?"

Sevda xanım köks ötürdü: "Bu hadisədən üç il sonra Əjdər Bakı-Yevlax yolunda qəzaya düşdü. Ağır yaralandığı üçün maşından çıxa bilmirmiş. Dostlarından birinə zəng edib ki, gəlib onu yanan maşının içindən çıxarsınlar. Dostları hadisə yerinə çatanda görüblər ki, Əjdər çoxdan yanıb külə dönüb. Bir müddət sonra həmin dostu mənə dedi ki, diri-diri yanmaqdan qorxduğu üçün Əjdər telefonda donuz kimi bağırırdı..."

lent.az
Bağla X