13:57
(077) 610-22-33

“Bir gündə üç müəssisədə amnistiya aktının icrası həyata keçiriləcək“

  • >
363 13 May 2013 20:27 | Cəmiyyət

Mayın 13-də Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Media forum" saytına bildirilib ki, hazırda amnistiya aktının həyata keçirilməsi istiqamətində hazırlıq işləri görülür:

"Yəqin ki, bu həftə ərzində birinci buraxılış olacaq. Ancaq bu buraxılış Penitensiar Xidmətin nəzarətindəki məhkumlara deyil, Müdafiə Nazirliyinin intizam xarakterli cəzalara məhkum etdiyi hərbi qulluqçulara aiddir.
Azadlıqdan məhrumetmə cəzasına şamil edilən amnistiyanın icrasına hələ başlanmayıb. Bu, bir qədər uzun prosesdir. Hazırda dəqiq siyahı yoxdur, bu işlə aidiyyəti xidmət sahəsi məşğuldur. Bir gündə üç müəssisədə amnistiya aktının icrası həyata keçiriləcək".

Şöbədən verilən məlumata görə, qərarın icrasına adətən dörd aya qədər vaxt qoyulur: "Əfv sərəncamının icrası tam fərqlidir. Sərəncamda ad, soyad göstərilir və Penitensiar Xidmət dərhal həmin şəxsləri azadlığa buraxır. Burda heç bir məhkəmənin, prokurorun işə baxmasına ehtiyac yoxdur. Amma amnistiyada konkret adlar olmur. Bu aktın kimlərə şamil olunması müəssisələrdə müəyyənləşdirilir. Vaxt aparan proses budur. İntizam xarakterli hissələrdə amnistiyaya düşənlərin sayı azdır".

Milli Məclis mayın 7-də amnistiya aktı qəbul edib. Akta əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, 1-ci və ya 2-ci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasında iştirak etmiş, Azərbaycan ərazilərinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində saxlanan, islah və ictimai işlərə, cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış şəxslər də amnistiyaya düşür.

AzNews.az
Bağla X