Azərbaycanda insan alverinin vəziyyətinə dair hesabat hazırlanır

"İnsan Alveri Əleyhinə Şəbəkə"nin təmsilçiləri - "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin prezidenti Əlövsət Əliyev və "Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyası"nın rəhbəri Asif İsmayılov mayın 13-də Avropa Şurasının İnsan Alverinə qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupunun (QRETA) insan alverinin vəziyyətinin öyrənilərək hesabatın hazırlanması məqsədilə ölkəmizdə səfərdə olan nümayəndələri - QRETA-nın prezidenti Nikolas Le Koz, QRETA-nın birinci vitse-prezidenti Alina Braşoveanu, QRETA-nın katibi Klaudia Lam ilə görüşüblər.

Görüşdə Əlövsət Əliyev Azərbaycanda insan alverinə qarşı mübarizənin ümumi vəziyyəti və bu sahədə "İnsan Alveri Əleyhinə Şəbəkə" və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Asif İsmayılov isə öz növbəsində şəbəkənin xarici əlaqələri və maarifləndirmə sahəsində həyata keçirtdiyi tədbirlər haqqında məlumatları QRETA nümayəndələrinin diqqətinə çatdırıb.

Şəbəkə üzvləri görüşdə məcburi əməyə qarşı mübarizə, uşaqların və əcnəbilərin insan alveri qurbanı kimi tanınması, orqanların transplantasiyasının insan alveri cinayəti kimi tövsif edilməsi kimi problemlərlə bağlı narahatlıqlarını ifadə etməklə yanaşı, son illər ərzində hökumətin insan alverinə qarşı mübarizə sahəsində səylərinin artmasını və müəyyən uğurların əldə edilməsini qeyd ediblər.

Qeyd edək ki, mayın 14-15-də Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupunun üzvləri daxili işlər nazirinin müavini, İnsan Alveri üzrə Milli Koordinator Vilayət Eyvazovla, İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəhbərliyi, digər nazirlik və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşü planlaşdırılıb.

Elnarə Əlosmanqızı
AzNews.az