Parlamentdə ilginc dialoqlar: “Burda sən sinifkomsan nədir,...“

Milli Məclis qanunverici orqan olaraq cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Həmin maraqlı məqamları izləyən parlament jurnalistləri onları Modern.az-la bölüşüblər.


Bəs budəfəki həmkarlarımız parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?

Zemfira Məmmədqızı "Azadlıq" qəzetində parlament müxbiri işlədiyi vaxtlarda müşahidə etdiyi maraqlı hadisələr barədə danışıb.

"1998-ci il. Milli Məclisin YAP-dan olan bir neçə üzvünün partiya sıralarından ayrıldığı vaxtlardı. İclasların birində YAP-çı Toğrul İbrahimli bəyanat oxumaq üçün Murtuz Ələsgərovdan icazə istəyir. Ona icazə verilir və Toğrul İbrahimli "Namus" adlı Respublika Partiyası yaratdığını, YAP-dan ayrıldığını açıqlayır. Bununla da YAPdaxili müzakirələr parlament iclasının predmetinə çevrilir. Fasilədə jurnalistlərlə söhbət edən Nazim İmanov deyir: "Adamın Allahı var, Toğrul YAP-dan "Namus"la ayrıldı".

Z. Məmmədqızının növbəti xatırladığı hadisə "Prezident seçkisi haqqında" qanun layihəsinin müzakirəsi zamanı olub.

"Beynəlxalq təşkilatların ciddi təzyiqlərindən sonra parlament layihəyə dəyişiklik etmək məcburiyyətində qalmışdı ki, bu da YAP-çıları qəzəbləndirmişdi. Həmin iclasda dövrün alovlu natiqlərindən sayılan Maksim Musayev AXCP-Müsavat hakimiyyəti dönəmində ona qarşı edilən haqsızlıqlardan danışır və deyirdi: "Mən hər gün Allaha dua edirəm ki, siz bir də hakimiyyətə gəlməyəsiniz". Ona cavab Allahla daha çox ünsiyyətdə olan Mirmahmud Fəttayevdən gəldi: "Allah-Təala sənin sözünü eşitməz, çünki sənin adın Maksimdir".

Jurnalist digər hadisə haqda danışır:

- Milli Məclisdə "Könüllü yanğından mühafizə haqqında" qanun layihəsi müzakirə olunanda layihənin adı ilə bağlı etirazlar səsləndi. Nazim İmanov dedi: "Murtuz müəllim, bu layihənin adı Azərbaycan dilində düzgün səslənmir. Könüllü yanğın olur ki, ondan da mühafizə olsun?".

Dilçi Nizami Xudiyev isə başqa fikir səsləndirdi: "Nazim müəllim, siz düz demirsiniz. Mən bir dilçi kimi deyirəm ki, qanunun adı düz yazılıb. Burda hər şeyi vurğu həll edir".

Nazim İmanovın cavabını isə çox gözləmək lazım olmadı: "Murtuz müəllim, əgər hər şeyi vurğu həll edirsə, onda qanunu yerlərə göndərəndə üstündə bir plastinka da qoyun ki, camaat qulaq asıb bilsin ki, vurğusu hardadır".

Hazırda "Mediaforum" saytında işləyən və bir zamanlar parlament müxbiri olmuş Qızılgül Abdinovanın xatırladığı hadisə deputatlar İmamverdi İsmayılov və Qulamhüseyn Əlibəyli arasında baş verib.

"O zaman iqtidar deputatları çıxış etmək istəyəndə, bir-birinin əvəzindən çıxışa yazılırdılar, bir növ iqtidar deputatları yoldaşlıq köməyi edirdi.

Qulamhüseyn Əlibəyli isə elə hərəkətləri izləyib deyirdi ki, filankəs kiminsə əvəzindən çıxışa yazılıb. Bu cür iradları tez-tez qeyd edirdi. Axırda İmamverdi İsmayılov ayağa qalxıb dedi ki, "burda sən sinifkomsan nədir, hər şeyə nəzarət edirsən".

Bir dəfə də İmamverdi İsmayılov çıxış edirdi. Spiker Murtuz Ələsgərov isə onu tanımadı və soruşdu ki, "bu çıxış edən kimdir?". Spikerə dedilər ki, deputat İmamverdi İsmayılovdu.

Onda Murtuz Ələsgərov bildirdi ki, "Ay İmamverdi, eynək taxıb, paltarını dəyişmisən, tanımadım səni".

İmamverdi İsmayılov da eynəyini çıxarıb dedi ki, "paltarımı çıxarda bilməyəcəm ki, məni tanıyasınız".

AzNews.az