Rəbiyyət Aslanova: "Təkcə muzey yaratmaqla kifayətlənmək olmaz"

Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Rəbiyyət Aslanova Soyqırımı abidəsi qoyulması təkliflərinə münasibətini açıqlayıb. O, deyib ki, əsas insanlara ürəklərdə abidə qoyulmasıdır.

"Biz Şuşanın işğalı günündə Zori Balayanın Şuşada rəqs etməsi, yanında orden-medallı generalların rəqsini ürək ağrısı ilə izlədik. Bunları görəndə fikirləşirsən ki, artıq fəaliyyət vaxtıdır. Onların orden və medalı bizim şəhidlərin qanıdır. Təkcə muzey yaratmaqla kifayətlənmək olmaz. Güclü vətənpərvərlik strategiyası yaratmaq lazımdır. Bəlkə də nasistlərdən misal çəkmək düzgün deyil. Amma yada salaq ki, 33-cü ildə hakimiyyətə gələn nasistlər şən əhval-ruhiyyəli mahnıların qadağan etdilər, yalnız marş səsləndirirdilər. Amma bizim televiziyalara baxın, nə baş verir?

Gənclərimizi yalnız rəqsə, musiqiyə, müsabiqələrə cəlb etməklə nəyə nail olacağıq Yaxşı olardı ki, məktəbdən başlayaraq gənclər təşkilatlarının fəaliyyətini ayrı istiqamətə yönləndirək. Bu yaxınlarda Bakıda "Mini Azərbaycan" sərgisini izlədik. Bəlkə indi bir Şuşanın mini maketini yaradaq ki, uşaqlar gəlib o yerləri görsünlər, baxsınlar, anlasınlar ki, bu küçədən mən keçə bilərdim, bu, mənim evim idi, mən burada yaşamalıydım".

AzNews.az