İlham Əliyev: “Sanki neft və qazımız yoxdur“

"Coğrafi baxımdan biz bir-birimizə o qədər də yaxın deyilik. Lakin deyə bilərəm ki, Avstriya və Azərbaycan arasında məsafə o qədər də böyük deyildir. Ümumiyyətlə, siz səhər yeməyini Bakıda, naharı Vyanada, şam yeməyini isə yenidən Bakıda yeyə bilərsiniz. Lakin əlbəttə ki, təyyarəyə minmək şərti ilə".

Bunu prezident İlham Əliyev Vyanada Avstriya-Azərbaycan biznes forumundakı çıxışında deyib. Məsafənin uzaqlığına baxmayaraq İ. Əliyev bildirib ki, qəlblərimiz arasında məsafə lap qısadır: "Çünki həqiqətən biz Avstriyada özümüzə əsl dost və tərəfdaş qazanmışıq. Biz onlarla əlaqə saxlayırıq, işləyirik, gələcək layihələrimizi planlaşdırırıq, iqtisadi əməkdaşlıq qururuq. Müsbət iqtisadi əməkdaşlığa dair bir çox misallar gətirə bilərik. Biz yeni Azərbaycan manatının dizaynını tərtib etmiş cənab Kalinaya çox minnətdarıq. Ölkəmizdə pul islahatı həyata keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir. Ola bilsin ki, ikitərəfli əməkdaşlığımızın buna da təsiri olub".

İ. Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılacaq: "Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi nəzərdə tutulur. Bu ilin fevralında "Azərspace-1" adlanan ilk Azərbaycan peykini fəzaya buraxdıq. O, artıq orbitdədir. Hazırda, kosmos sənayesini inkişaf etdiririk. Başqa sözlə, biz nəzərimizi regionun hüdudlarından, neft və qaz sektorundan kənara yönəltmişik, enerjinin inkişafımıza verdiyi təkan əvvəllər bəzi təhlilçilərin proqnozlaşdırdığı "holland sindromu"ndan və neft bəlasından bizi sığortaladı.

İqtisadi strategiyamızı elə planlaşdırırıq ki, sanki neft və qazımız yoxdur. Bu, bizə şaxələndirmək və davamlı inkişafı təmin etməyə yardım edir. Enerji əməkdaşlığına gəldikdə, bu halda da biz, həmçinin Avstriya ilə Azərbaycan şirkətləri arasında fəal və məhsuldar münasibətlərə malikik. Ümid edirik ki, gələn illər ərzində bu əlaqələr strateji xarakter alacaqdır.

Bizim çox yaxşı qarşılıqlı anlaşmamız vardır. Avropa İttifaqı-Azərbaycan anlaşması da əvvəllər daha çox enerji ilə bağlı idi. Hazırda, bu, daha geniş vüsət alıb, lakin başlanğıcda enerji əməkdaşlığı dayanırdı. Azərbaycan öz neftini Avropa bazarlarına nəql edir. Bu, bəzi ölkələrin enerji balansında önəmli yer tutur, yəni 30-40 faiz təşkil edir. Qazın nəqlinə gəldikdə, əgər əlbəttə ki, hər şey planlarımıza uyğun gedərsə, Azərbaycan qazı 4-5 ildən sonra Avropa İttifaqının bazarına çıxarılacaqdır. Bu isə, regionun enerji xəritəsini tamamilə dəyişəcəkdir".

AzNews.az