AMEA-da yeni seçkilər keçirildi

AMEA Kimya, Yer və Biologiya və Tibb Elmləri Bölmələrinin ümumi yığıncağı keçirilib

Dünən AMEA Rəyasət Heyətində AMEA Kimya, Yer və Biologiya və Tibb Elmləri Bölmələrinin ümumi yığıncağı keçirilib.

AMEA-nın məsələyə aidiyyatı olan elmi müəssisə və digər təşkilatlarının rəhbərləri, alim və mütəxəssislərin iştirak etdiyi iclası giriş sözü ilə açan AMEA prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verdi, bölmələrin fəaliyyətinə uğurlar arzulayıb. AMEA bölmələrinin elmi fəaliyyətinin prioritet istiqamətlərinə münasibət bildirən AMEA prezidenti bu istiqamətlərin konkretləşdirilməsini məqsədəuyğun hesab edib.

O, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq olunan Nizamnaməyə uyğun olaraq bölmələrin tam hüquqi əsaslarla işə başlaması üçün akademiyanın strukturunun formalaşmalı olduğunu, yığıncağın gündəliyinə bölmələrin büro üzvləri, akademik-katiblərinin müavinləri və elmi katiblərinin seçilməsinin daxil edildiyini bildirib.

Gizli səsvermə yolu ilə seçkilər keçirilib.

Səsverməyə əsasən akademiklər Abel Məhərrəmov, Siyavuş Qarayev, Məhərrəm Məmmədyarov, Musa Rüstəmov, Nadir Seyidov, AMEA-nın müxbir üzvləri Vaqif Abbasov, Abasqulu Quliyev, Mübariz Əhmədov Kimya Elmləri Bölməsinin büro üzvləri, akademiklər Vaqif Fərzəliyev, Ağadadaş Əliyev bölmənin akademik-katibinin müavinləri, kimya elmləri namizədi Elnur Məmmədov isə bölmənin elmi katibi seçilib.

AMEA Yer Elmləri Bölməsinə AMEA-nın müxbir üzvləri Vasif Babazadə, Ramiz Məmmədov, Hətəm Quliyev, Elmira Ramazanova büro üzvləri, AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov, Əkpər Feyzullayev bölmənin akademik-katibinin müavinləri, Aliyə Əzizbəyova bölmənin elmi katibi seçilib.

Həmçinin gizli səsvermə nəticəsində akademiklər Böyükkişi Ağayev, Cəlal Əliyev, Cəmil Əliyev, Məmməd Salmanov, AMEA-nın müxbir üzvləri İlham Ələkbərov, Novruz Quliyev, biologiya üzrə elmlər doktoru Validə Əlizadə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin büro üzvləri, AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Tofiq Məmmədov bölmənin akademik-katibinin müavinləri, Ramiz Babayev isə bölmənin elmi katibi təyin edilib.

İclasda akademiyada magistratura sisteminin yaradılması, kadr problemi, gənc mütəxəssislərin doktoranturadan hərbi xidmətə çağırılması, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması məsələləri ətrafında müzakirələr aparıldı, bölmələrin fəaliyyətləri ilə əlaqədar, AMEA nəzdində Geofizika, Ətraf mühitə aid institutların yaradılması və s. təklif və tövsiyyələr irəli sürülüb.

Elnarə
AzNews.az