"Deputatların bu təkliflərə sahib çıxması bizi çox sevindirdi" "Deputatların bu təkliflərə sahib çıxması bizi çox sevindirdi"

“Biz bunu şəhidlərimizə hörmətsizlik kimi qiymətləndiririk“

"Deputatların bu təkliflərə sahib çıxması bizi çox sevindirdi"




Milli Məclisin dünənki iclasında deputatlar Şəhidlər Xiyabanına xüsusi statusun verilməsini təklif ediblər. Millət vəkilləri Zahid Oruc, Elman Məmmədov, Fazil Mustafa və digərləri bununla bağlı müxtəlif fikirlər səsləndiriblər.

Zahid Oruc Modern.az saytına bildirib ki, şəhidlərimizin uca adına hörmət əlaməti olaraq mühüm tarixi günlərdə Şəhidlər Xiyabanı və Əbədi məşəl önündə fəxri qarovul olmalıdır. Onun sözlərinə görə, Azərbaycan əsgəri vətənin keçmişinə və mübariz döyüşçülərinə şərəf duruşunda dayanmalıdır:

"Bu, təkcə dünənə münasibət yox, eyni zamanda, gələcək insanımıza mənəvi təsir vasitəsidir. Dünyada formalaşan mühüm ənənələrdən biri də belə kütləvi məkanlarda və tarixi abidələrdə bələdçilik xidmətinin həyata keçirilməsidir".

Deputat Şəhidlər Xiyabanında xüsusi bələdçilərin olmasını da təklif edib: "Buna da böyük ehtiyac var. Bu da dünyada yayılmış təcrübədir. Hesab edirəm ki, bələdçilər ya canlı olmalıdır ya da texniki qurğularla bunu həyata keçirmək mümkündür".

Deputatların təkliflərinə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyindən (AVMVB) dəstək gəlib.

Birliyin sədri, istefada olan zabit Füzuli Rzaquliyev deyib ki, onlar da bu cür təkliflərlə dəfələrlə müvafiq instansiyalara müraciətlər ediblər:

"Deputatların bu təkliflərə sahib çıxması bizi çox sevindirdi. 70 mindən çox döyüşçünü sıralarında birləşdirən birliyimiz adından millət vəkillərinə təşəkkür edirik. İnanmaq istəyirik ki, səsləndirilən təkliflərin gerçəkləşməsinə deputatların özləri sonadək nəzarət edəcəklər".

F.Rzaquliyev Şəhidlər Xiyabanında ayrı-seçkiliyə yol verilməsindən narahatçılığını bildirib:

"Torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının məzarları görünməz edilib. Hesab edirəm ki, bu, yolverilməzdir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik. İndi Şəhidlər Xiyabanını ziyarətə gedəndə Qarabağ müharibəsində həlak olanların məzarını görmək mümkün deyil. Bunu niyə belə ediblər, bilmirəm. Sadəcə, biz bunu şəhidlərimizə hörmətsizlik kimi qiymətləndiririk".

AzNews.az