07:00
(077) 610-22-33

“Medianın ailə həyatına təsiri daha çoxdur“ - Müsahibə

  • >
388 15 May 2013 09:16 | Cəmiyyət

"Bəzi ölkələr hər hansı bir şəxsə kişi və ya qadın kimi müraciət olunmasını qanunla qadağan edib"




1994-cü ildə BMT tərəfindən təsis olunan Beynəlxalq Ailə Günü bütün dünyada hər il 15 may tarixində qeyd olunur.

Ənənəvi olaraq bu ərəfədə ailə institutu ilə bağlı mövzular gündəmə gəlir, mövcud problemlər mütəxəssislər tərəfindən təhlil olunur. Ailə institutunun üzləşdiyi problemlərlə bağlı uzun illər tədqiqatlar aparan, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda elmi fəaliyyətini Türkiyənin Üsküdar Universitetində davam etdirən, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.


- Dünya Beynəlxalq Ailə Gününü necə qeyd edir? Ailə institutunda hansı proseslər baş verir?

Təəssüflər olsun ki, Beynəlxalq Ailə Günü bütün dünyada çoxsaylı problemlərin fonunda qeyd olunur. Əslində 1994-cü ildən qeyd olunan Beynəlxalq Ailə Gününün təsis olunması fikri də məhz bu problemlərə diqqət çəkmək məqsədi daşıyırdı. Müasir ailəni tədqiq edən mütəxəssislər dünyada ailə institutunun ciddi böhranla üz-üzə qalması fikrində həmrəydirlər. Maraqlıdır ki, cəmiyyətlərin rifah səviyyəsi və sosial-iqtisadi vəziyyəti yüksəldikcə ölkələrdə ailə problemləri daha da artır. Bura doğum səviyyəsinin kəskin azalması, xüsusilə azyaşlılar arasında nikahdankənar doğum hallarının artması, boşanmaların yüksək tempi, ailədaxili zorakılıq faktlarının çoxalması kimi problemlər aiddir. Bu ölkələrin ailədəki böhranların qarşısını almaq üçün böyük maliyyə dəstəyi hesabına həyata keçirdikləri tədbirlər nəinki istənilən nəticəni vermir, əksinə vəziyyət il-ildən daha da pisləşir. Böhranın daha qabarıq şəkildə özünü büruzə verdiyi ölkələrin mütəxəssisləri ailə institutunun növbəti əsrə çıxmama təhlükəsi ilə üz-üzə olduğunu artıq uzun müddətdir ki, müxtəlif tribunalardan səsləndirirlər. Xüsusilə inkişaf etmiş qərb ölkələrində ənənəvi nikah institutuna qarşı alternativ nikah formalarının, yəni eyni cinslərlə olan nikahların sürətlə yayılması ailə institutu üçün ən böyük təhlükə kimi qiymətləndirilməlidir. Artıq bəzi ölkələrdə insanların cinsinin qeyd olunduğu sütun şəxsiyyət vəsiqəsindən çıxarılmış və bəzi ölkələr daha radikal addım ataraq hər hansı bir şəxsə kişi və ya qadın kimi müraciət olunmasını qanunla qadağan ediblər. Bu cür halların artması ailə institutu böhranını dərinləşdirdiyi kimi, insanlığın təbiətinə də ziddir. Ən təhlükəlisi odur ki, bu cür hallar dünyanın digər regionlarında da media kanalları vasitəsilə sürətlə yayılmağa başlayıb və heç bir region bu axımlarla üzləşməkdən sığortalanmayıb.

- Beynəlxalq miqyasda özünü büruzə verən bütün bu problemlərin fonunda müasir Azərbaycan ailəsinin vəziyyətini necə qiymətləndirmək olar?

- Qlobal xarakterə malik olan bu problemlərin bir qismi Azərbaycan ailəsindən də yan keçməyib. Ələlxüsus son illər boşanma hallarının çoxalması, nikahsız yaşayan cütlərin sayının və ailədaxili zorakılıq faktlarının nəzərəçarpacaq dərəcədə artması, ailədə uşaqların tərbiyəsi mövzusunda özünü büruzə verən problemlər narahat olmağa əsas verən məqamlar kimi qeyd olunmalıdır. Ən təhlükəlisi odur ki, getdikcə cəmiyyətdə bu cür hallar əvvəllər olduğu kimi faciə kimi qəbul olunmur, yəni böyük əksəriyyət bunları adi hal kimi qəbul etməyə başlayıb. Bu problemlərin səbəblərini ümumiləşdirdikdə görərik ki, bunların əsas səbəbləri arasında insanların öz şəxsi maraqlarının və zövqlərinin ailə dəyərlərindən üstün tutması, maddi dəyərlərə həddən artıq aludəçilik və ailədə tolerantlığın, yəni cütlərin bir-birinə güzəştə getməsi hallarının azalmasıdır. Halbuki ailənin möhkəmliyini təmin edən əsas meyar ailənin ümumi maraqlarının şəxsi maraqların fövqündə olması və ailənin sağlam mənəvi "iqlim şəraiti"nə malik olmasıdır. Təbii ki, bunlarla yanaşı ailədə problemlərə səbəb olan sosial-iqtisadi məzmunlu səbəbləri də xüsusi qeyd etmək lazımdır. Bu mənada maddi dəyərlərin bu dərəcədə əhəmiyyətli olduğu cəmiyyətdə sosial-iqtisadi problemlərin çoxluğu ailəni uğursuzluğa düçar edən ilkin səbəblər arasındadır. Ailə institutuna problemlərə zəmin hazırlayan amillər arasında həm çap, həm elektron, həm də internet mediasında ailə dəyərləri ilə ziddiyyət təşkil edən yayımların sayının çoxluğunu, ailədə yersiz münaqişələrə səbəb olan kənar müdaxilələri də göstərmək olar.

- Siz ailədə problemləri meydana gətirən səbəblər arasında KİV-in də adını çəkdiniz. Media daha çox hansı formada ailədə problemlərinin artmasına təsir göstərir?

- Dərindən təhlil apardıqda medianın ailə həyatına təsirinin digər institutlardan daha çox olduğunu müşahidə etmək olar. Bu gün daha çox xarici seriallarda ailə institutunun müqəddəsliyi əvəzinə məqsədyönlü şəkildə ailədənkənar həyat tərzi geniş şəkildə təbliğ olunur. Bu da həmin serialları izləyən insanların şüuruna təsir göstərir. Eləcə də ailəli insanlarda ailədənkənar həyat tərzinə qarşı meylin meydana gəlməsinə səbəb olur. Telemaqazin formatında olan və daha çox şou-biznes əhlinin şəxsi həyatlarından bəhs edən proqramlar bir tərəfdən ailə institutu üçün böyük təhlükə olan qeybətin, dedi-qodunun bir növ leqallaşmasına şərait yaradır, digər tərəfdən həmin insanların ənənəvi ailə dəyərlərimizə o qədər də uyğun olmayan həyat tərzini təbliğatını aparmaq yolu ilə bu həyat tərzinə rəğbətin formalaşmasına xidmət edir. Televiziya kanallarında son illər dəbdə olan ayrı-ayrı fərdlərin ailə problemlərini müzakirə obyektinə çevirən proqramlar isə əksər hallarda şou xarakteri daşıyır və problemlərin nəinki həllinə kömək göstərmir, əksinə bəzi hallarda onların daha da dərinləşməsinə gətirib çıxarır. Problemin başqa sferasını internet, xüsusilə də sosial şəbəkələr təşkil edir. Ələlxüsus, burada son dövrlər müşahidə olunan sosial şəbəkələrdə ailədaxili məsələlərin açıq şəkildə müzakirə olunmasına diqqət çəkmək istəyirəm. Belə ki, sosial şəbəkələrdə ailənin ən yaxın fərdləri ilə belə danışılması yolverilməz olan, ailəyə məxsus olan məhrəm mövzular yüzlərlə, bəlkə minlərlə insanların iştirakı ilə müzakirəyə çıxarılır. Nəticədə bu cür halların çoxalması ailə üçün təhlükə mənbəyi olan arzuolunmaz faktların - xəyanət, qeybət, qısqanclıq kimi halların sayının artmasına gətirib çıxarır. Halbuki ailənin möhkəmliyi üçün ailədaxili sirlərin qorunması ailə mülkiyyətinin qorunmasından daha vacibdir.

- Son illər əcnəbi vətəndaşlarla evliliklərin sayı artıb. Bu, Azərbaycanın ailə dəyərlərinə necə təsir edir?

- Əcnəbilərlə nikahlar xüsusilə son 20 ildə artan templə davam edir. Bu dövr ərzində əcnəbilərlə bağlanılan nikahların coğrafi və milli-dini arealında da böyük dəyişikliklər baş verib. Belə ki, əgər 1990-cı illərin ilk dövrlərində xanımlarımızın ailə həyatı qurduğu əcnəbilər arasında soy və din baxımından yaxın olan xalqların nümayəndələri üstünlük təşkil edirdisə, son illər qeyri-müsəlmanların nümayəndələri ilə qurulan nikahların sayı artıb. Bunun səbəbləri arasında xarici ölkələrə gediş-gəlişin sayının artması, əcnəbilərlə internet vasitəsilə tanış olma imkanının yaranması və insanların xaricdə yaşamaq arzuları kimi faktorları göstərmək olar. Eyni zamanda, bizim xanımların və bəylərimizin qərblilərlə müqayisədə daha ailəcanlı olması əcnəbiləri cəlb edən səbəblər arasında ilk sırada yer almaqdadır. Təbii ki, dini-nöqteyi nəzərdən müsəlman xanımların qeyri-müsəlmanlarla ailə həyatı qurması qadağan olunub. Digər tərəfdən, bu ailələrdə dünyaya gələn uşaqların daha çox qarşı tərəfin mədəniyyəti ilə böyüyüb başa çatdığı müəyyən olunub. Belə nikahların uğursuzluğa düçar olma ehtimalı öz millətinin nümayəndələri ilə qurulan nikahlara nisbətən daha çoxdur. Burada mədəni və mental fərqlilik də rol oynayır. Lakin bu o demək deyil ki, bu cür nikahların hamısı uğursuzluğa düçar olur. Bu nikahlar arasında da uğurlu nikahların sayı az deyil.

- Ailə problemlərin qismən də olsa sayının azalması üçün hansı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirsiniz?

- Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bu problemlərin həlli üçün həm ailələrin, həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti strukturlarının üzərinə böyük məsuliyyət düşür. İlk növbədə ailələr öz övladlarını ailə həyatına hazırlamalıdırlar. Ailə həyatının müqəddəsliyi haqqında ilkin və dolğun informasiyanı məhz valideynlər öz övladlarına aşılamalı, bu məsuliyyəti televiziya, internet kimi media qurumlarının öhdəsinə buraxmamalıdırlar. Onlara ailədə kişi və qadının üzərinə düşən vəzifələri başa salmalı, ailə həyatının keşməkeşli olmasını dərk etdirməli, ailədaxili məsələləri və sirləri başqaları ilə müzakirə etmənin səhv davranış olduğunu və müxtəlif problematik vəziyyətlərdən necə çıxmaları haqqında onlara elmi dillə desək, hərəkət sxemi aşılamalıdırlar. Əks halda, hər xırda münaqişədən sonra boşanma ərizəsi üçün məhkəməyə üz tutanların sayı il-ildən artmaqda davam edəcək. Eyni zamanda, gənclərin həyat yoldaşı seçimində diqqətli olmaları əhəmiyyətlidir. Xüsusilə cütlərin evlilik qərarını verməzdən əvvəl bir-birlərini yaxşı tanımaları, xasiyyətlərinə bələd olmaları vacibdir. Bu gün əksər gənclər zahiri görünüş , ev, avtomobil və digər maddi göstəricilərə baxaraq evlilik qərarlarını verirlər. Təəssüflər olsun ki, valideynlər də əvvəlki illərdə olduğu kimi, övladlarının qarşısına çıxan insanın xasiyyətindən, zəhmətkeş olub-olmamasından daha çox onun nə qədər mal-dövlətə sahib olması ilə maraqlanır, ona görə qərarını verirlər. Halbuki evlilik qərarı verməzdən əvvəl daha vacib olan xarakterlərinin bir-birinə nə dərəcədə uyqun olub-olmadığını sınaqdan keçirməkdir. Bu məqamları nəzərə almadan qurulan nikahlar uğursuzluğa düçar olur. Bu məqam nəzərə alınsa, bəlkə də uğursuz nikahların sayı bu qədər çox olmazdı. Bu mənada əxlaqi qaydalar nəzərə alınaraq keçirilən nişanlılıq müddəti gənclərin bir-birini tanımaları üçün yaxşı fürsətdir. Bu müddət ərzində xarakter uyğunsuzluğu aşkara çıxarsa, daha sonra peşman olmamaq üçün evlilik qərarını bir daha götür-qoy etmək olar. Aztəminatlı ailələrə də dövlət dəstəyi gücləndirilməli və bu dəstəyin daha effektiv mexanizmləri işlənib hazırlanmalıdır. Gənclərin ailə qurmaqdan çəkindirən ən vacib problemlərdən biri kimi mənzil-kommunal problemlərin həllində dövlətin dəstəyinə ciddi ehtiyac duyulur. Dövlətin ailə siyasəti əsasında ailələrə sosial yardımlar edilməklə yanaşı, onları psixoloji dəstək proqramlarına cəlb etmək lazımdır. Bu dəstək proqramlarını həyata keçirəcək yüksək peşəkarlıq qabiliyyətli mütəxəssislərin hazırlanmasına diqqət yetirmək lazımdır. Media kiçik reytinqə görə ailə dəyərlərinə zərər verən yayımlardan çəkinməli, müvafiq qurumlar tərəfindən medianın ailəyə zərər verə biləcək yayımlara nəzarəti gücləndirilməli və cəza mexanizmləri sərtləşməlidir. Cəmiyyətin bütün üzvlərinin, bütün institutlarının ailənin cəmiyyət və dövlət üçün əhəmiyyətini, müqəddəsliyini dərk etməsi, ailə dəyərlərinə məsuliyyət hissi ilə yanaşmaları vacibdir.//trend//

AzNews.az
Bağla X