Əziz Rzazadə Əziz Rzazadə

İlham pərisinin cadusu

Əziz Rzazadə



Filarmoniya ətrafındakı qələbəliyi görəndə ürəyim dağa döndü. Nə qədər kitabsevər varmış... Amma yaxın müşahidəm göstərdi ki, insanların kitaba yanaşması dəbli xarici əşyalara yanaşmasından heç fərqlənmir. Yəni piştaxtaya yaxınlaşan adamın marağında olan nə kitabın adı, nə də müəllifin səhifələrə sığmayan şöhrətidir.

Mənim gördüyüm kitabsevər-oxucu əsərə son moda mobil telefon kimi yanaşır. "Yerli mal" gözünə görünmür. Buna görə də baxışlar ilk növbədə Qarsia Markesədir, Den Braunadır, Haruki Murakamiyədir...

Əlbəttə, ən azı bununla təskinlik tapırsan ki, müəllif əcnəbi də olsa, əsas kitabdır. Murakaminin "Norveç meşəsi"ni oxuyan sabah "idxal mal"a oxu təşnəsini söndürdükdən sonra Əziz Rzazadənin "Şəbəkə"sinə də yönələcək. Bu mütləqdir. Amma söhbətimin məğzi heç də özümü, yaxud kitabımı kiməsə zorla bəyəndirməkdən çox-çox uzaqdır.

Demək istədiyim odur ki, kütləvi oxucu da artıq zövqlərə görə bölünməlidir. "Bozun əlli çaları"nı hamının bəyənməsi zərurət deyil. Maraqlar müxtəlifdir. Bir başqası detektiv əsərlərin aşiqi ola bilər. Digəri magiyanın necə deyərlər fışqırdığı "Vəba günlərində eşq"in.

Ötənlərdə Yaşarın bir fikrini oxudum: "Markesin yazdıqları ədəbiyyat deyil, magiyadır". Bu sayaq açıqlamaya məndən də yaxşı izahı Cavanşir Yusifli verə bilərdi, amma təmkinimi tapdalayıb soruşum: Çingiz Abdullayevin yazdıqları nədir? Kriminologiya?

Sayman Aruzla məni heç nə birləşdirmir. Hətta ədəbi zövq də. Amma "Markesin ustadı azərbaycanlı yazıçı Qulamhüseyn Saedi olub" deyərkən mən onun tərəfindəyəm.

Haqlıdır. Birincisi, ona görə ki ədəbi icmada çoxları bu fikirdədir ki, Azərbaycan ədəbiyyatının gücü ölkəmizin coğrafi-siyasi miqyasları kimi kiçikdir. İkincisi, Azərbaycanın dahilər yetişdirə bilməz. Yanlışlıqdır.
Şəkk-şübhə edənlərə qarşı daha bir iddia: magiyalı realizmin banisi Əbdürrəhim bəy Haqverdiyevdir.

Şübhəniz varsa, "Pəri cadu"nu oxuyun. Mən hələ "Xortdanın cəhənnəm məktubları"nı demirəm. Bu əsərlərin nəyi Mixail Bulqakovun "Ustad və Marqarita"sından əskikdir ki?! Yaxud Markesin, Çingiz Aytmatovun yazdıqlarından?! Hətta yazılış tarixinə nəzərən Əbdürrəhim bəyi magiyalı realizmin banisi də saymaq olar.

Mən hələ Yusif Vəzir Çəmənzəminlinin yazı istedadını kənara qoyuram. XX əsrin əvvəlində onun qədər modern yazıçı olmayıb, – bu şəxsi fikrimdir, mübahisəli görünə bilər. Amma Nuridə Atəşin onun "barmaq izləri olan" "Əli və Nino"nu Qurban Səid adlı kimliyi şübhəli fürsətçinin adına nə qədər yazmaq istəsə də, mən Çəmənzəminlinin müəllifliyini daha ədalətli rəy hesab edirəm.

Yeri gəlmişkən, Nuridə Atəşi Azərbaycanla bağları heç bir tarixi sənədlə isbatlanmayan, ya da sonsuz şübhələr doğuran mif adamdan yazıçı obrazı yaratmadan hələ də usanmayıb. Almaniyada Q. Səid haqda artıq bir "sənədli film"in çəkilməsinə də yardımçı olub. Qadın belədir də, ona sübut, hesab-kitab lazım deyil. Həyatda da, ədəbiyyatda da. Hikkə baş qaldırdımı, dəlilə nə hacət, söylədiyini yeritməsə, partlayıb ölər...
Sirkə tünd olduqda öz qabını çatladar. Di partla qadın... ilham pərisi səndən güclüdür...

AzNews.az