DSMF-in sədri şikayətçilərlə görüşdü

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov mayın 15-də Fondun Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Modern.az-ın məlumatına görə, qəbulda iştirak etmək üçün vətəndaşlar onlar üçün xüsusi ayrılmış nəqliyyatla Sabirabada aparılıb gətiriliblər. Görüşdə 20-dən artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ünvanlayıblar. Bütün müraciətlərə operativ qaydada baxılaraq müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərinə göstərişlər verilib.

Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə etdiyindən, bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara catdırılacağı bildirilib.

AzNews.az