Şagirdin ölümünə səbəb olan direktor və müavini vəzifələrindən azad edilib Şagirdin ölümünə səbəb olan direktor və müavini vəzifələrindən azad edilib

Sumqayıtdakı şagirdin ölümü ilə bağlı rəsmi açıqlama

Şagirdin ölümünə səbəb olan direktor və müavini vəzifələrindən azad edilib



Təhsil Nazirliyi Sumqayıt şəhəri 17 saylı orta məktəbdə şagirdin ölməsi ilə bağlı açıqlama verib.

Nazirliyin mətbuat xidmətindən AzNews.az saytına verilən məlumata görə, mayın 13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunun, Təhsil Nazirliyinin Sumqayıt Şəhər Şöbəsinin və Şəhər Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Şəhər hüquq muhafizə orqanlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Müəyyən edilibki, A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird həmin gün dərsə gecikdiklərinə görə, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi verilib. Şəhər 3 saylı uşaq poliklinikasında "hipotrofik-kordimiopatiya" diaqnozu ilə qeydiyyatda olan A.İlyasov həmin göstərişi yerinə yetirərək stadionda bir neçə dövrə vurduqdan sonra yıxılıb və görülən ilkin tibbi tədbirlərə baxmayaraq vəfat edib.

Hadisə ilə bağlı aparılmış ilkin araşdırmaların nəticələri göstərir ki, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil və inkişafın sağlam prinsipləri əsasında qurulmayıb. Bununla əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən inzibati tədbirlər görülüb, məktəb direktoru Nargilə Səfərova və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev təhsil nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunublar.

"Bir sıra təhsil müəssisələrində mövcud olan neqativ hallar, o cümlədən qarşılıqlı hörmətsizlik, qeyri-sağlam atmosfer və bu qəbildən olan problemlərin ardan qaldırılması istiqamətində qətiyyətli mövqe göstəriləcək və zəruri hallarda müxtəlif dövlət strukturları bu prosesə cəlb ediləcək"-deyə nazirlikdən bildirlib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

AzNews.az