İTV-də yoxlamalar nə yerdədir? - AÇIQLAMA

Hesablama Palatasının İctimai Televiziya və Radio Yayımları Şirkətində apardığı yoxlama nə yerdədir? Mayın 15-də "Media forum" saytı sualı palatanın mətbuat xidmətinin rəhbəri Nailə Qazıyevaya ünvanlayıb. O deyib ki, yoxlamalara mayın 10-dan start verilsə də, əsas iş bu gündən başlayıb: "Yoxlama üç-beş həftə davam edəcək".

Nailə Qazıyeva əlavə edib ki, prosedura görə, yoxlamaların nəticələri üzrə akt bağlanmalı, həmin aktların əsasında hesabat, daha sonra Hesablama Palatasının rəyi hazırlanmalıdır: "Auditin nəticələri üzrə hazırlanmış hesabat və rəy palatanın kollegiya iclasında müzakirə edildikdən sonra ümumi qərar qəbul olunur. Sonda hazır sənədlər Milli Məclisə göndərilir. Bütün proseslər başa çatdıqdan sonra yoxlamaların nəticələri açıqlanır".

Aprelin 22-də İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. 2005-ci ildən bu vəzifəni tutan İsmayıl Ömərovu Cəmil Quliyev əvəz edib. Bir neçə gün öncə Hesablama Palatasının kollegiya iclası İctimai Televiziya və Radio Yayımları Şirkətində dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi üzrə auditə qərar verib.

"Media forum" saytı İTV-də aparılan yoxlamalara keçmiş direktor İsmayıl Ömərovun münasibətini öyrənmək istəyib. İsmayıl Ömərov xaricdə müalicə olunduğunu deyib və telefonu qapadıb.

AzNews.az