Baş redaktorun birinci müavini ifadə verdi

Bu gün "Yeni Müsavat" qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada iki saat yarım müddətində ifadə verib.

Bu barədə musavat.com saytına açıqlama verən A.Ayxan deyib ki, onu idarənin istintaq şöbəsi rəisinin müavini Canpolad Daanov qəbul edib və ifadəsini alıb.

Redaktor müavininin sözlərinə görə, onun BMCMİ-yə dəvət olunması bu həftənin əvvəllərindən başlayaraq mobil telefonuna gələn təhqir və hədə zəngləri, eləcə də müvafiq məzmunlu mesajlarla bağlı olub: "İdarədə mənim telefonuma baxış keçirildi, mənə gələn mesajlar baxıldı, eləcə də zəng vurub söyən şəxslərin telefon nömrələrini istintaqa təqdim etdim. Bu barədə də ayrıca protokol tərtib edildi. Daanov bildirdi ki, bir həftə, on gün ərzindən həmin şəxslər aşkarlanaraq BMCMİ-yə gətiriləcəklər və orada onlarla üzləşmə keçiriləcək".

AzNews.az