“RƏŞADI POLİSƏ TƏHVİL VERDİYİM ZAMAN HÜSEYNBALA MİRƏLƏMOV DA ORADAYDI” “RƏŞADI POLİSƏ TƏHVİL VERDİYİM ZAMAN HÜSEYNBALA MİRƏLƏMOV DA ORADAYDI”

“1001 gecə” olayı ilə bağlı ilginc məqamlar - VƏKİL DANIŞDI

“RƏŞADI POLİSƏ TƏHVİL VERDİYİM ZAMAN HÜSEYNBALA MİRƏLƏMOV DA ORADAYDI”



Millət vəkili Hüseynbala Mirələmov qardaşı oğlu Rəşad Mirələmovun "1001 gecə" istirahət mərkəzində törətdiyi cinayət hadisəsi ilə bağlı məhkəmədə ifadə verməyəcək. Bunu AzNews.az-a Rəşad Mirələmovun vəkili Kamandar Nəsibov bildirib.

K. Nəsibovun sözlərinə görə, mayın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam etdiriləcək:

"Millət vəkili Hüseynbala Mirələmov məhkəməyə çağırılmayacaq. Məlumat var ki, millət vəkili özü hadisə barədə eşitdikdən dərhal sonra qardaşı oğluna zəng edərək onu polisə təslim olmağa çağırıb. Hətta mən vəkili olaraq Rəşad Mirələmovu polisə təhvil verdiyim zaman Hüseynbala Mirələmov da oradaydı. Ondan başqa otaqda Səbael rayon prokuroru Şirxan Adığözəlov, rayon polis idarəsinin rəis müavini də vardı. Ancaq hansısa səbəbdən Rəşad Mirələmovun polisə təslim olduğu, silahını atdığı yeri göstərməsi sənədləşdirilməyib. Daha sonra mən bu barədə istintaqda məsələ qaldırsam da, R.Mirələmovun polisə təslim olmasının sənədləşdirilməməsinin səbəbi açıqlanmadı".

Müdafiə etdiyi şəxsin xəstə olduğunu deyən vəkil ekspertizanın rəyindən də danışıb: "Şüvəlan təcridxanasından Rəşad Mirələmov ekspertizaya aparılıb, ancaq bu proses cəmi 1 saat çəkib. Apardıqdan sonra dərhal qaytarıblar və ekspertlər rəy verib ki, tamamilə sağlamdır. Halbuki Rəşad Mirələmovun dəfələrlə müalicə alması ilə bağlı xəstəxana sənədləri mövcuddur. Mənə daxil olan məlumata görə, bu barədə tapşırıq prokurorluqdan gəlib".

Cinayətin necə baş verməsinə gəlincə isə, K. Nəsibov təfərrüatları da AzNews.az-a açıqlayıb: "İttiham aktında da göstərilib ki, Ramal Bayramov Rəşad Mirələmovun üzərinə getdiyi anda atəş açılıb. Bu özünümüdafiədir. Ekspertiza rəyi də göstərib ki, atəş aşağıdan yuxarıya doğru açılıb. Yəni, atəş açdığı zaman Rəşad Mirələmov yerdə uzanıqlı vəziyyətdə olub. Şahid ifadələri də bunu göstərir. Qanunsuz silah əldə etmə, gəzdirmə var, ancaq şahidlər bildirib ki, iki nəfər arasında olan bu davaya heç kəs qarışmayıb".

K. Nəsibov Rəşad Mirələmova qarşı irəli sürülən digər ittihamlar barədə də açıqlama verib: "Bizdə olan məlumata görə, öldürülən şəxs keçmiş "razborşik" olub. Hətta bir dəfə yaralanıb da. Onun adı bir çox cinayət hadisələrində hallandırılıb. R. Mirələmova qarşı irəli sürülən digər ittihamlar da var. Məsələn, Rəşad Mirələmovun hədə-qorxu yolu ilə pul tələb etdiyi göstərilir. Ancaq bu məsələ Rəşad Mirələmovun keçmiş məktəb yoldaşlarının qarşılaşdığı problemdən yaranıb. Həmin şəxslər Lənkəranda Hacı Etibar adlı şəxsin evini təmir ediblər. Ancaq Hacı Etibar narkotik üstündə həbs olunduğuna görə fəhlələrin pulunu ödəyə bilməyib. Rəşad da bununla bağlı Hacı Etibarın qardaşı ilə danışıb. Daha sonra Hacı özü təcridxanadan xəbər göndərib ki, bir nəfərin ona borcu var və o, pulu alıb fəhlələrin borcu ödənilsin. Rəşad daha sonra həmin şəxslə bu barədə danışanda aralarında mübahisə yaranıb və həmin şəxs polisə şikayət edib. Bu məsələni də Rəşada qarşı ittihamlara əlavə etdilər. Halbuki həm Hacı Etibar özü, həm də həmin şəxs ifadələrində bildiriblər ki, pulu Rəşad özü üçün yox, fəhlələrin borcunun ödənilməsi üçün istəyib. Hətta Rəşadı bir dəfə döyüblər. Ancaq o, bu barədə polisə müraciət etməyib. Daha sonra məsələyə Ramal Bayramov qarışıb və dəfələrlə Rəşadı təhdid edib. Hadisə baş verən gün də onlar "1001 gecə"də görüşüblər və olay baş verib".

Elnur
AzNews.az