Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi, Ermənistanda 51 faizi, Gürcüstanda isə 57 faizi siqaret aludəçisidir Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi, Ermənistanda 51 faizi, Gürcüstanda isə 57 faizi siqaret aludəçisidir

15,8% kişi, 32,1% qadın köklükdən əziyyət çəkir- Azərbaycanda

Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi, Ermənistanda 51 faizi, Gürcüstanda isə 57 faizi siqaret aludəçisidir



Azərbaycan 2000-ci ildən etibarən vərəm xəstəliyinə yoluxma hallarını 3,3 dəfə azaltmağa müvəffəq olub, uşaq və ana ölümü hallarında da azalma müşahidə olunur. APA-nın məlumatına görə, bu rəqəmlər Ümumdünya Səhiyyə Təşkilatının "Dünya Səhiyyə Statistikası 2013" adlı yeni hesabatında öz əksini tapıb.

Statistikaya əsasən, 2000-ci ildə Azərbaycanda 682 vərəmə yoluxma halı qeydə alınıbsa, 2013-cü ildə bu rəqəm 113 fakt təşkil edib. 2011-ci ildə ölkədə hər yüz min nəfərə 117 nəfər vərəm xəstəsi düşür. Ermənistanda bu rəqəm hər 100 min nəfərə 78 fakt, Gürcüstanda isə 100 min nəfərə 159 fakt təşkil edir.

Cənubi Qafqazın hər üç ölkəsində HİV/AİDS xəstəliyinin yayılmasında artım müşahidə olunur. 2001-ci ildə Azərbaycanda hər yüz min nəfərə 36 HİV/AİDS-ə yoluxma faktı qeydə alınıbsa, 2011-ci ildə bu rəqəm 72 fakt təşkil edib. Ermənistan və Gürcüstanda bu rəqəm daha yüksəkdir. 2011-ci ildə Ermənistanda hər yüz min nəfərə nisbətdə HİV/AİDS-ə yoluxma sayı 155-dir, Gürcüstanda isə bu rəqəm 114 fakt / 100 min nəfər təşkil edir.

Son 21 ildə ölkədə doğuz zamanı körpə ölümlərinin sayı hər min nəfərə 75-dən 39-a, ana ölümlərinin sayı isə hər min nəfərə 56-dan 43-ə enib.

1990-cı illə müqayisədə Azərbaycanda orta uzunömürlülük həddi artıb. 2011-cı ildə ölkədə kişilər arasında orta uzunömürlülük həddi 69 yaş (1990-cı ildə 60 yaş), qadınlar arasında isə 74 yaş (1990-cı ildə 66 yaş) təşkil edib.

Ermənistanda bu göstərici kişilər arasında 63 yaşdan 67 yaşa, qadınlar arasında 71 yaşdan 75 yaşa, Gürcüstanda kişilər arasında 66 yaşdan 68 yaşa, qadınlar arasında 73 yaşdan 76 yaşa qalxıb.

Hesabata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi siqaret çəkir. Ermənistanda kişilərin 51, qadınların isə 2 faizi, Gürcüstanda kişilərin 57, qadınların 6 faizi tütün məmulatlarından mütəmadi istifadə edirlər.

ÜST Azərbaycanda insanlar arasında piylənmə səviyyəsi ilə bağlı göstəriciləri də hesabat daxil edib. Açıqlanan rəqəmlərə əsasən, Azərbaycanda kişilərin 15,8 faizi, qadınların isə 32,1 faizi köklükdən əziyyət çəkir. Ermənistanda bu rəqəm müvafiq olaraq 14,4 faiz və 30,2 faiz təşkil edir. Gürcüstanda isə kişilərin 15,9 faizinin, qadınların isə 25,7 faizinin piylənmə problemi var.

AzNews.az