“Hacıbala Abutalıbovun vəzifəsidir ki...”

Məlum olduğu kimi, bu gün Milli Məclisin 12 deputatı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Bu müraciətdə məqsəd uzun müddətdir ki, evinin qəzalı vəziyyətdə olmasından əziyyət çəkən Şeyx Əbdül Mahmudbəyova dəstək olmaqdır. Bakı meri deputatların da müraciətinə cavab verməyib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov AzNews.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyovun hüquqlarının müdafiəsi yolunda ona dəstək olan millət vəkillərinin müraciətindən xəbərsiz olduğunu dedi:

"Mən bu məsələdən xəbərsizəm. Onun evinə nə olub ki? Şeyx mənim dostumdur. Gözəl sənətkar, istedadlı rejissordur. Gərək, mənə də deyəydi. Əgər mən bunu bilsəydim mütləq qol çəkərdim. Sənətkarlar hər zaman dövlətin qayğısı və diqqəti altındadır. Dövlət imkan olan halda hər bir sənətkarı evlə təmin edir. Amma dövlətin qanunları var. Əgər kiminsə evini hər hansı bir tikinti təşkilatı uçurdursa, yaxud da tikinti prosesi zamanı onun mənzilinə ziyan vurursa evi də həmin təşkilat təmir etdirməlidir. Hər şeyi dövlətin boynuna atmaq olmaz ki. Bu məsələ ilə bağlı 12 millət vəkili Hacıbala Abutalıbova müraciət edibsə, Hacıbalanın da vəzifəsidir ki, edilən müraciətə baxsın".

Bahar Rüstəmli
AzNews.az