Əli Kərimli-Seymur Baycan davası böyüdü - QALMAQAL

Yazıçı: "Müxalifət özünü ifşa etdi"

Xəbər verdiyimiz kimi, yazıçı-publisist Seymur Baycanla AXCP sədri Əli Kərimli arasında məktub qalmaqalı yaşanıb. Yazıçı "facebook" hesabında yazdığı statusda bildirmişdi ki, AXCP sədrinə yazdığı məktuba cavab ala bilməyib.

AZNEWS.AZ-ın məlumatına görə, yazarla partiya sədri arasında yaşanan bu məktub qalmaqalı bu gün daha da böyüyüb. Belə ki, AXCP-nin Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı Əli Kərimlidən "məktub məsələsi"nin detallarını öyrənərək, S.Baycanı yalançılıqda ittiham edib.

Ə.Qurbanlı yazdığı qeyddə S.Baycanı Ə.Kərimliyə şər atmaqda günahlandırmış və ondan bunun səbəblərini soruşmuşdu. Ə.Qurbanlının sözlərinə görə, yazıçının Ə.Kərimlinin onun məktubuna cavab yazmadığı barədə dedikləri uydurmadır:

"Seymur Baycan ötən gündən bəri Əli Kərimli haqqında ikinci yalanı danışır. Deyir ki, Ə.Kərimliyə iki aydır məktub yazıb və cavabı iki ay sonra alıb. S.Baycan aprelin 5-də Əli bəyə məktub yazıb. Nardaran aksiyası zamanı. Heç bir ay da olmayıb, Əli bəy cavabında gec yazdığı üçün üzrxahlıq da edib. Seymur bəyin iki yalanı yazmaqda məqsədi nədir, mənə çatmır?! Əvvəl yazmayıb deyir, sonra iki sonra yazdığını deyir. Seymur bəy, sən sıradan biri deyilsən, tanınmış yazarsan, partiya lideri haqda istədiyini yaza bilərsən, mən zəng edib, bunu Əli bəydən dəqiqləşdirə bilmərəm?! Bu boyda boş-boşuna yalan üzərində qurulmuş həngaməyə susmalıyam?"

Ə.Qurbanlının sözlərinə görə, Əli Kərimli S.Baycanın aprelin 5-də yazdığı məktuba mayın 2-də cavab yazıb.

S.Baycan da öz növbəsində AXCP rəsmisinin bu ittihamlarına sərt sözlərlə cavab verib. Yazıçı Ə.Kərimlinin partiya üzvlərinə onu söydürmək üçün xüsusi tapşırıq verdiyini iddia edib. O, müxalifət düşərgəsinin ünvanına da sərt tənqidlər ünvanlayıb:

"Əli Kərimlinin partiya tapşırığı yüksək səviyyədə yerinə yetirilmişdir. Bir statusa verilən reaksiya, yazılan şərhlər həqiqətən də müxalifətin nə gündə olduğunu ortaya qoydu. Özləri özlərini babat ifşa etdilər. Kef idi. Dəftərsiz-kitabsız aparılan mübarizənin sonu Elman Türkoğlu olmaqdı. Uşaq-muşağı qoyduq kənara, orda ki, məni tanıyanlar var. Bilmirlər kimin üstünə gəlirlər? Sözün açığı, vəziyyəti nəzərə alıb, məsələni ciddiləşdirmək istəmədim. Həm də indi roman yazıram. Amma yazıldı dəftərçəyə, nəzərə alınacaq"

Anar
AzNews.az