“Rusiya Qarabağ münaqişəsinin güc yoluyla həll olunmasını istəmir“ - VİDEO

Son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuması Moskvada birmənalı qarşılanmır. Rəsmilər bu soyuqluğun keçici olduğunu və bunun Rusiyanın Azərbaycana qarşı mövqeyi kimi qiymətləndirilməməsini istəyirlər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bugünkü mətbuat toplantısında ANS-in suallarına cavab olaraq Rusiyanın Ermənistanla hərbi əməkdaşlığını genişlətməklə Azərbaycanı cəzalandırmağı deyil, Kollektiv Təhlükəsizlik Təşkilatının bölgədəki hərbi gücünü artırmağı planlaşdırdığını söylədi: "Əvvəla bunu deyim ki, Rusiyanın Ermənistanda hərbi gücünü nə qədər artırdığı barədə mənim tam məlumatım yoxdur. Mən bunu bilirəm ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Bütün lazımi hərbi texnika ilə təmin olan bu baza Kollektiv Təhlükəsizlik Təşkilatı sisteminə daxildir. Tacikistandakı 201-ci baza, Bişkekdəki baza da həmçinin bu sistemə daxildir. Bu bazaların məqsədi isə bu təşkilata üzv olan ölkələrin təhlükəsizliyini təmin etməkdir".

Rusiyanın tanınmış hərbi ekspertlərindən olan Vladimir Yevseyev isə iki ölkə arasındakı soyuqluğun başlıca səbəbinin Azərbaycanın Qarabağı müharibə yoluyla almağı hazır olması haqda verdiyi bəyanatlar olduğunu deyir: "Rusiya Qarabağ münaqişəsinin güc yoluyla həll olunmasını istəmir. Ona görə Gümrüdəki hərbi bazasını gücləndirmək yoluyla Azərbaycana bu fikrindən əl çəkməsi gərəkdiyi mesajı vermək istəyir. Məqsəd Azərbaycana təzyiq göstərmək deyil, sadəcə onu daha diqqətli olmağa çağırmaqdır. Çünki Azərbaycan hökumətinin bu münaqişənin hərbi yolla həll edilə biləcəyi ilə bağlı bəyanatını Rusiya müharibə hazırlığı kimi qiymətləndirir".

Bəzi siyasi analitiklər isə ölkələrimiz arasındakı münasibətlərin soyuqlaşdığı görüşlərinə qətiyyən qatılmırlar. Politoloq Sergey Markovun sözlərinə görə, Rusiyada hamı Azərbaycanla münasibətlərimizi necə inkişaf etdirə bilməsi barədə düşünür: "Bu günkü münasibətlərə soyuq və ya pis demək olmaz. Əslində münasibətlərimiz yaxşıdır. Ancaq daha da yaxşı olmalıdır. Biz bunun üçün Azərbaycanın MDB-də qalmasını və bu təşkilat çərçivəsindəki digər qurumlara da üzv olmasını istəyirik. Azərbaycanın surətli inkişafına biz qibtə ilə, qardaş ölkə kimi baxırıq".

Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin soyuqlaşmasından narahat olan Moskvadakı iş adamlarımız isə hələlik onlara Rusiya tərəfindən hər hansı bir basqının da olmadığını dedilər.

Xatırladaq ki, Qəbələ RLS-in icarə müddətinin uzadılmamasından sonra iki ölkə arasında münasibətlərin soyuqlaşması ilə bağlı siyasi dairələrdə ehtimallar dolaşırdı. Hətta son günlər Bakı-Novorossiyski neft kəmərinin Rusiyanın baş nazir tərəfindən fəaliyyətinin dayandırılmasının da bununla əlaqələndirənlər var.


AzNews.az